Bu gün Mizanoda keçiriləcək birinci yarışın təsnifat mərhələsi Audi komandasının pilotu Rene Rastın üstünlüyü ilə keçib. Alman pilot 1.25,294 zamana imza ataraq poula sahib olub. Rene göstərdiyi vaxtdan o qədər əmin olub ki, sonuncu cəhdə belə çıxmayıb.
Renenin komanda yoldaşları da uğurla çıxış ediblər. WRT Team Audi Sport komandasının gənc pilotu Conatan Aberdin ikinci nəticəni göstərib. O, bu günki yarışı Rast ilə birlikdə ilk sıradan başlayacaqdır. İkinci cərgədə də Audi pilotları qərarlaşıblar - Loik Dyüval üçüncü, Robin Frayns isə dördüncü nəticəni göstərib.
Növbəti üç yeri BMW komandasının pilotları tutublar: Şeldon van der Linde beşinci, Bruno Spenqler altıncı, Filipp Enq isə yeddinci olub. İlk onluğu Niko Müller, Mayk Rokenfeller (hər ikisi - Audi) və Timo Qlok (BMW) tamamlayıblar.