Brutal Tank ofrouderi və 1318 at qüvvəli Hercules pikapı ilə tanınan amerikan Rezvani şirkəti Vengeance adlı yeni çərçivəli ofrouderi bazara çıxarmağa hazırlaşır.
Yeddi yerlik avtomobil şirkətin künc-bucaqlı firma dizaynına, dəbdəbəli interyerinə, eləcə də yolsuzluq üçün ciddi hazırlığa sahib olacaqdır. Yeni ofrouderin rəsmi təqdimatı yaxın vaxtlarda baş tutmalıdır. Hələlik isə, şirkət aqressiv ofrouderin ilk görüntülərini dərc edib.
Şirkətdən Vengeance modelinin çərçivəli quruluşuna əsaslandığını bildiriblər. Amma Rezvani şirkətinin donor kimi hansı avtomobildən istifadə etdiyi hələlik məlum deyil. Yeddi yerlik ofrouder General Motors konserninin 6,2-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir.
Yolsuzluğa hazırlıq ilə yanaşı, avtomobil hərbi avtomobillərin üslubunda brutal görünüşə və dəbdəbəli salona malik olacaqdır. Şəkillərə əsasən, yenilik üçmərtəbəli ön LED işıqlandırma texnikası ilə təchiz olunacaqdır.
Bundan əlavə, Tank modeli kimi, Vengeance üçün də zirehli versiya hazırlana bilər. Amerikalılar hələlik təqdimatın dəqiq tarixini açıqlamayıblar. Bununla belə, şirkət artıq yeni ofrouderə ilkin sifarişlərin qəbuluna başlayıb. Avtomobili sifariş etmək üçün 500 dollar məbləğində depozit qoymaq kifayətdir.
Mayın əvvəlində Rezvani yeni ortamühərrikli Beast superkarını buraxacağını elan edib. Karbon kuzova malik olan avtomobil 1000 at qüvvəli mühərrik ilə hərəkətə gələcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.