ABŞ-ın Rezvani Motors şirkəti yeni və ən radikal layihələrindən birini təqdim edib. Dune adlanan modelin əsasını Lamborghini Huracán təşkil edir, lakin bu avtomobil asfalt yollar üçün deyil, qum təpələri və çətin yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş ekstremal superkardır.
Avtomobilin arxa hissəsində yerləşən 5,2 litrlik V10 mühərrik VF Engineering ilə birgə hazırlanmış kompressor sistemi sayəsində 800 at qüvvəsi hasil edir. Mühərrikin gücü tam ötürmə sistemi vasitəsilə bütün təkərlərə ötürülür ki, bu da Dune kross-superkarını həm yüksək sürətli yollarda, həm də çətin relyeflərdə hərəkət edə bilən unikal avtomobilə çevirir.
Standart Huracán ilə müqayisədə Dune demək olar ki, tamamilə yenidən işlənib. Asqı sistemi 114 millimetr yüksəldilib, klirens isə 279 millimetrə çatdırılıb. Karbon kuzov, genişləndirilmiş qanadlar, damdakı hava girişi, əlavə LED işıqlandırma və iri diametrli yolsuzluq şinləri avtomobilə Dakar rallisinin iştirakçalını xatırladan aqressiv görünüşü bəxş edir.
İnteryerdə Lamborghini-yə məxsus idman ruhu qorunub saxlanılıb. Bununla yanaşı, Rezvani hər bir avtomobili müştərinin sifarişinə uyğun fərdiləşdirəcəyini bildirir. Dəri üzlüklərdən karbon dekor elementlərinə qədər bütün detalları fərdi seçim əsasında formalaşdırmaq mümkün olacaq.
Rezvani Dune son dərəcə məhdud sayda istehsal ediləcək. Superkarın tirajı cəmi 7 nüsxədən ibarət olacaq. Sifarişlər artıq qəbul edilir, lakin son qiymət hələlik açıqlanmayıb. Bununla belə, avtomobilin dəyərinin 500 min ABŞ dollarından yuxarı olacağı gözlənilir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









