Həmyerlimiz Samir Sadıxovun müəllifi olduğu Rezvani Beast modeli üçün nəzərdə tutulmuş yeni X Performance dəsti təqdim edilmişdir. Karbondan hazırlanmış kuzova malik olan spidster Rezvani firmasının istehsal etdiyi yeganə avtomobildir. Bir müddət əvvəl amerikan şirkəti spidsterin «bərkgedən» variantı olan Beast X modelini təqdim etmişdir. Xatırladaq ki, Ariel Atom avtomobilinin şassisində hazırlanmış avtomobil 2,4-litrlik üfürməli mühərriklə təchiz edilir. Hal-hazırda Samir avtomobilin bağlı kuzovlu variantının dizaynı üzərində çalışır.
Standart Rezvani Beast spidsterinin mühərriki iki güc variantında - 300 və 500 at qüvvəsi ilə təklif edilir. «Bərkgedən» Beast X avtomobilinin mühərriki isə, quraşdırılmış iki ədəd Borg Warner turbokompressorları sayəsində 700 at qüvvəsinə malikdir. Bütün güc aqreqatları alti pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir.
X Performance dəstinin tərkibinə genişləndirilmiş hava girişləri, qabaq spoyler, ölçüsü genişləndirilmiş yan kandarlar və arxa hissədə quraşdırılmış antiqanad cütlüyü daxildir. Aerodinamik dəstin bütün elementləri karbondan hazırlanmışdır. Bundan əlavə, dəstin tərkibinə kompozit materialdan hazırlanmış yeni sükan çarxı da daxil edilmişdir.
X Performance dəsti yeni sifariçilərlə bərabər, artıq şirkətin müştərisi olan avtomobil sahiblərinə də təklif ediləcəkdir. Dəstin əldə edilməsində əsas məqsəd standart modelin «bərkgedən» variant olan Beast X spidsterinə bənzəməsini təmin etməkdir. Rezvani şirkəti dəstin qiymətini açıqlamamışdır.