İsveçrənin Richard Mille markasının qol saatlarının qiyməti bir necə yüz min dollarla ölçülür. Lakin McLaren Speedtail hiperkarını alan şəxsi belə bir aksessuarın qiyməti ilə qorxutmaq mümkün deyil. Məhz belə şəxslər üçün, Richard Mille firması xüsusi seriyadan olan qol saatını təqdim edib.
Bu dəfə Richard Mille firması yeni qol saatını buraxmaq üçün Britaniyanın McLaren şirkəti ilə qüvvələrini birləşdiməyə qərar verib. Yeni saat RM 40-01 Speedtail adlanır və 106 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır - McLaren Speedtail modelinin də tirajı eyni saydadır.
Saatın dizaynı üzərində işləyən Rişar Mill Speedtail kupesinin kuzov formasından ilham aldığını bildirib: məsələn, siferblatın damcışəkilli forması modelin siluetini təkrarlayır. Saat mexanizminin qurulması başlığı isə ön təkərlərin qarşısındakı hava girişləri ilə eyni üslubdadır.
Saatın gövdəsi titandan, bir sıra elementləri isə karbondan hazırlanır. Gövdənin son tərtibat müxtəlif ola bilər - güzgü və ya satin effekti ilə. Örtük şüşəsi üçün istifadə edilən kristal 18 ay ərzində cilalanır. Bu qədər vaxt daxilə doğru daralan konturu əldə etmək üçün gərəkdir.
9 saat nöqtəsində gediş ehtiyatının indikatoru yerləşir - əgər indikator yaşıldırsa, demək saatı qurmaq lazım deyil, əgər indikator qırmızı rəngdə “yanırsa”, demək bunun tam vaxtıdır. Narıncı rəng - onların arasındakı gediş ehtiyatına işarə edir. Tarix göstəricisi 12 saat zonasında yerləşir. Asimmetrik rezin qolbağını İsveçrənin Biwi SA firması hazırlayır.
Rişar Mill Speedtail modelini təsadüfən seçməyib, çünki bu hiperkar McLaren brendinin ən vacib modellərindən biridir. O, 1990-cı illərdə buraxılmış əfsanəvi McLaren F1 modelinin varisidir və Britaniya markasının tarixindəki ən yeyin yol avtomobili hesab edilir.