Xorvatiyanın hiperkar istehsalçısı Rimac şirkəti, yeni C_Two kupesini sürücüyə öz vərdişlərini inkişaf etdirməkdə yardım göstərəcək süni intellekt sistemi ilə təchiz edəcəkdir.
Rimac şirkəti tərəfindən hazırlanmış Driver Coach adlı sistem, avtomobilin bort kompüterindən alınan çoxsaylı məlumatı təhlil edə bilən süni zəkadır. Onun əsas vəzifəsi, Rimac C_Two hiperkarının sürücüsünün bacarıqlarını mükəmməlləşdirməkdir.
Avtonom idarəetmə bölməsinin rəhbəri Saşa Vraziç, Top Gear nəşrinə verdiyi açıqlamada, süni intellektin yarış treklərində sürücüyə hiperkarın imkanlarından tam istifadə etməyi öyrətməyə kökləndiyini söyləyib. "Müştərilərimizin hamısı peşəkar sürücülər deyillər, lakin biz onların sürücülükdən həzz almalarını istəyirik", - Vrazeç bildirib.
Driver Coach sistemi, doqquz bort kamerasından, bir lidardan, bir radar və 12 ultrasəs sensordan toplanmış məlumatı saatda altı terabayt sürəti ilə emal edə bilən xüsusi bir kompüterdən istifadə edir.
Alqoritmlər, sürücüyə onun konkret səhvləri göstərmək, onları düzəltmək və treki daha yeyin qət etməsinə yardım etmək üçün məlumatları təhlil etməyə qadirdir.
Bundan əlavə, sistem digər nəqliyyat vasitələrinə və obyektlərə real vaxt rejimində reaksiya verə bilir. Vraziçin sözlərinə görə, C_Two modelinin testləri zamanı, süni intellekt hətta peşəkar pilotlara bacarıqlarını artırmağa kömək edib.