Xorvatiyanın Rimac şirkəti elektrik hiperkarı Nevera-nın istehsalını ilin sonunda dayandıracaq. Şirkətin təsisçisi Mate Rimats Instagram səhifəsində paylaşdığı videoda modelin cəmi 71 ədəd istehsal olunduğunu açıqlayıb. Halbuki ilkin plan ümumilikdə 190 avtomobil buraxmaq idi.
İstehsal olunan avtomobillərin 51-i standart Nevera, 20-si isə daha güclü Nevera R versiyasıdır. Hazırda şirkətin emalatxanasında son 10 Nevera R üzərində iş aparılır. Mate Rimac 71 avtomobili elektrik hiperkarı üçün yaxşı nəticə hesab edir və Nevera-nın şirkətin inkişafında mühüm rol oynadığını vurğulayır.
2018-ci ildə C-Two konsepti kimi təqdim edilən Nevera 2021-ci ildə seriya istehsalına hazır vəziyyətdə nümayiş etdirilib. Model ümumi hasilatı 1914 at gücü olan dörd elektromotor və 120 kVt·saatlıq batareya ilə təchiz olunmuşdu. Daha ekstremal Nevera R isə 2107 at gücü hasil edir, 100 km/saat həddinə cəmi 1,72 saniyəyə sürətlənir və maksimal 431 km/saat sürət yığır.
İstehsalın dayandırılmasının əsas səbəbi elektrik hiperkarlarına tələbatın gözləniləndən aşağı olmasıdır. Artıq yuxarıda qeyd etdiyimiz kimi, Nevera və Nevera R birlikdə 190 nüsxəlik tirajla buraxılmalı idi, lakin faktiki istehsal planlaşdırılan sayın yarısına belə çatmayıb.
Maraqlıdır ki, elektrik hiperkarına maraq zəif olsa da, Rimac-ın iştirakı ilə hazırlanan Bugatti Tourbillon üçün vəziyyət fərqlidir. Chiron-un varisi olan bu modelin 250 nüsxəsinin hamısı artıq satılıb, son əmtəə avtomobilləri isə 2029-cu ildə buraxılacaq.
Nevera-nın istehsalının başa çatması elektrik avtomobillərinin yüksək performans potensialına baxmayaraq, ənənəvi hiperkar alıcılarının seçimində mühərrik səsi, pillənin dəyişməsi hissi və emosional təcrübənin hələ də mühüm rol oynadığını göstərir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









