Rimac Pebbl Biç Zəriflik müsabiqəsinə Nevera elektrik hiperkarının daha ekstremal versiyasını gətirib. Şirkətin rəhbəri Mate Rimatsın fikrincə, bir çox dinamika rekordlarına imza atan adi Nevera daha çox Gran Tourismo sinifinə aid olan avtomobilidir. Lakin yeni Nevera R yarış treklərini fəth etmək üçün daha yaxşı hazırlanıb.
Hiperkarın görünüşü çox dəyişib: Nevera R təkmilləşdirilmiş aerodinamikaya malik olan tamamilə yeni burnu ilə seçilir. Ön splitter və arxa antiqanad böyüdülüb və yeni diffuzor da peyda olub. Nəticədə yerəbasma qüvvəsi 15% artıb və 350 km/saat sürətində 400 kiloqram ekvivalentinə çatır. Eyni zamanda, axarlılıq 10% yaxşılaşdırılıb. Öndə 20, arxada isə, 21 düymlük disklər quraşdırılıb - onlar xüsusi Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz ediliblər.
Dörd fərdi elektrik mühərrikinin (hər təkər üçün biri) gücü 1914-dən 2017 at qüvvəsinə qədər artırılıb, fırlanma anı isə, dəyişməz qalıb - 2360 Nm. Standart 120 kilovat/saatlıq dartma batareyasının əvəzinə yeni 108 kilovat/saatlıq batareya quraşdırılıb.
Çəkiyə 35 kiloqram qənaət edilməsinə baxmayaraq, avtomobilin təchiz edilmiş halda çəkisi 2277 kiloqrama bərabərdir. Bütün təkmilləşdirmələrə baxmayaraq, ilk "yüzlüyə" sürətlənmə vaxtı adi Nevera hiperkarındakı ilə eynidir - 1,81 saniyə. Şox güman ki, fiziki həddlərin təsiri özünü biruzə verir.
Dinamikadakı minimal fərq yalnız yerindən 200 km/saata qədər sürətlənmədə özünü göstərir: 4,42 əvəzinə 4,38 saniyə. R versiyası 0-dan 300 km/saata sürətlənməyə 8,66 saniyə sərf edir. Xatırladaq ki, standart hiperkar bu həddə 9,22 saniyəyə sürətlənir.
Maksimal sürət 350 km/saat həddində məhdudlaşdırılıb, lakin Rimac-Run firma yarışmalarında yeni versiya adi Nevera ilə eyni 412 km/saata çata biləcək. Daha önəmlisi odur ki, Nardo trekində dövrə vaxtı 3,8 saniyə azalıb – qeyd etmək lazımdır ki, trekin uzunluğu cəmi 6,22 kilometrdir. Buna görə də Nürburqrinqdə növbəti elektromobil rekordu üçün inamlı təməl var.
Artıq yuxarıda qeyd olunan şinlər və aerodinamikaya əlavə olaraq, Rimac Nevera R ciddi şəkildə dəyişdirilmiş asqını əldə edib. Təkərlərin qurulma bucaqları dəyişdirilib, sükan idarəetməsi daha həssas olub.
Dörd mühərriklə təmin edilən tam ötürmə sistemi dartma vektoruna nəzarətin yeni alqoritmlərini əldə edib. Nəhayət, Nevera R əlavə silikon matris qatına malik olan yeni nəsil Evo2 karbon-keramika əyləclərini alıb.
Əlbəttə ki, Rimac Nevera R adi qardaşlarından daha bahalı və eksklüzivdir. Kupenin tirajı 40 nüsxə ilə məhdudlaşır, qiyməti isə, 2,0 milyon avrodan 2,3 milyon avroya yüksəlib. Mate Rimats ictimai yollara çıxışı olmayan ixtisaslaşmış trek hiperkarının buraxılacağını da elan edib.
Tək yerli avtomobil (salonun mərkəzində sürücü oturacağı olan) öz platformasına malik olacaq və Nevera ilə minimal şəkildə unifikasiya ediləcək. Rimac gələcək hiperkarın yarış treklərində Formula 1 bolidləri və Le Man prototiplərindən daha sürətli olacağını vəd edib. Avtomobilin nümayişi bu ilin sonuna qədər baş tutmalıdır, ilk yarışlar isə, 2025-ci ilin əvvəlinə planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.