Ringbrothers atelyesinin SEMA tüninq şousunda nümayiş etdirdiyi ikinci avtomobil məşhur Ford Mustang Mach 1 maslkarının əsasında inşa edilib. UNKL adını almış kupenin kuzovu hər tərəfdən 25 mm genişləndirilib. Tüner bu incə dəyişikliyin avtomobilə daha aqressiv görkəm bəxş etdiyini bildirib. Eyni zamanda, avtomobilin klassik görünüşü də zərər görməmiş olub.
Geniş kuzovla yanaşı UNKL təkmiləşdirilmiş bamperlər, yeni kuzov komponentləri və ön splitter ilə təchiz edilib. Bundan başqa, avtomobil xüsusi kuzov rənginə və “karbon ilə polad panellərin qarışığına” malik olub. Nəhayət, kupe Michelin Pilot Sport 4S şinlərinə və öndə 19, arxada isə 20 düymlük HRE təkər diskləri ilə təchiz edilib. UNKL modelinin salonunda Recaro kresloları, Momo sükan çarxını və Classic Instruments firmasının cihazlar panelini quraşdırıblar. Bundan başqa, salonda multimedia sistemini və ötürmələr qutusunun xüsusi başlığını da görmək olar.
UNKL modelinin kapotunun altında 710 at qüvvəsi hasil edən Jon Laase Boss firması tərəfindən hazırlanmış 8,5-litrlik səkkizsilindrli Boss 429 mühərriki yerləşir. Güc aqreqatı 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmələr qutusu mühərrikin fırlanma anını arxa oxa karbondan hazırlanmış kardan valı vasitəsi ilə ötürür.
Bundan başqa, Mustang Mach 1 paslanmayan poladdan hazırlanmış Flowmaster buraxılış sisteminə, xüsusi ön və arxa köndələn dayanıqlılıq stabilizatorlarına malik olub. UNKL modelinin asqı sistemi də tamamilə yenilənib: öndə Detroit Speed Engineering şirkətinin Aluma-Frame asqısı, arxada isə Ride Tech amortizatorlarına malik olan QuadraLink asqısı quraşdırılıb.