Orta ölçülü Rivian R2 krossoveri ilə birlikdə, onun R3 indeksli kiçik qardaşı da nümayiş etdirilib. Üstəlik, R2 modeli əvvəlcədən anons edilsə də (onun tizerləri son bir ay ərzində dərc olunub), R3 krossoverinin debütü sürprizə çevrilib. Ən maraqlısı isə, Rivian R3 modeli amerikan avtomobil sənayesi üçün qeyri-ənənəvi bir formata malik olmasıdır.
Rivian şirkəti R3 modelinin dəqiq ölçülərini dərc etməyib, yalnız təkər bazasının 2800 millimetr olduğu bildirib. Şəkillərdən göründüyü kimi, yeni krossover BMW X1 və Audi Q3 modellərinin sinif yoldaşıdır. Bununla belə, Rivian R3 profildən tamamilə fərqli assosiasiyalar doğurur: arxa dam dirəklərinin xarakterik forması səksəninci illərin Volkswagen Golf və ya Lancia Delta hetçbeklərini xatırladır!
Rivian R3 tam ölçülü beşinci qapıya malikdir, lakin əlavə olaraq, uzun əşyaların daşınması üçün arxa pəncərəni ayrıca açmaq mümkündür. Ön baqaj bölməsi də var. İnteryer R2 krossoveri ilə eyni üslubda tərtib edilib: hətta ön paneldəki iki əlcək qutusu da oxşardır. Arxa divanın kürək tərəfi üç hissəyə bölünür. Sürüşərək açılan bölməsi olmayan böyük panoram dam da mövcuddur.
Rivian R3 modeli R2 ilə eyni platformada inşa edilib. O, yaylı asqıya malikdir, dartma batareyası isə, yeni 4695 formatlı hüceyrələrdən yığılıb. Bir, iki və ya üç elektrik mühərriki olan versiyalar vəd edilib: birinci halda, krossover yalnız arxa ötürməli olacaq, digər iki modifikasiya isə tam ötürməlidir. Təəssüf ki, hələlik başqa təfərrüatlar açıqlanmayıb.
Eyni zamanda, "qaynar" Rivian R3X modeli də nümayiş etdirilib. O, üç elektrik mühərrikinə, eləcə də artırılmış klirensə, başqa təkər disklərinə, dəyişdirilmiş bamperlərə və başqa interyer tərtibatına malikdir. 100 km/saat həddinə sürətlənmə üç saniyədən az çəkməlidir.
Artıq Rivian R2 modelinin istehsalının 2026-cı ildə başlanacağı bildirilib. Krossoverin başlanğıc qiyməti açıqlanıb, sifarişlərin qəbuluna da start verilib. Bununla belə, şirkət R3 modelinin perspektivləri barədə bir kəlmə belə deməyib. Görünən odur ki, R3 modeli yalnız üç-dörd ildən sonra satışa çıxmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.