Keçən əsrin ortalarında buraxılmış və “qağayı qanadlarına” sahib olan Mercedes-Benz 300 SL kupesi kolleksiyaçılar arasında xüsusi qiymətə malikdir. Lakin, 1957-ci ildə işıq üzü görmüş Mercedes-Benz 300 SL Roadster modeli də kupedən heç də az arzulanan deyildir.
Rodster nəinki sərt tavandan məhrum olmuş, eyni zamanda klassik qapılarla təchiz edilmiş, onun şassisi gücləndirilmiş, radiator barmaqlığının ölçüləri isə kiçildilmişdir. 1957-ci ildən 1963-cü ilə qədər 1858 rodster istehsal edilmişdir.
1960-cı ilin istehsalı olan rodsteri 24 iyunda RM Sotheby’s hərrac evinin Kaliforniya ştatının Santa-Monika şəhərində keçiriləcək hərraclarında satmağı planlaşdırırlar. İlkin olaraq avtomobil qırmızı rəngə boyansa da, bərpadan sonra rodster açıq-yaşıl rəngə boyanmışdır. Maraqlıdır ki, istehsal illəri zamanı Mercedes-Benz 300 SL Roadster modeli 11000 dollara satılırmış ki, bu da bu günki qiymətlərlə 90870 dollar edir. Müqayisə üçün, Mercedes-Benz SL 450 rodsterini bu gün 87875 dollara almaq mümkündür.
Hərrac evi klassik avtomobilin satışından 1,1 – 1,3 milyon dollar əldə etmək fikrindədir.