Bu modellə Roewe brendinin sahibi olan SAIC konserninin marketoloqları avtomobillərin adlandırılmasında yeni zirvələrə çatıblar. Lomemo adı Love Me More (“Məni daha çox sev”) mənasını verən sözünün abbreviaturasıdır. Lakin Çin təfsirində krossover Longmao adlanır.
Əslində, 4440 millimetrlik Roewe Lomemo orijinal model deyil, 2017-ci ildə debüt etmiş və bir il əvvəl restaylinq edilmiş Roewe RX3 yığcam krossoverinin variasiyasıdır. Lomemo eyni kuzova, 2625 millimetrlik təkər bazasına və yarımüstəqil arxa asqısı olan şassiyə malikdir. Amma krossoverin bamperləri, çərçivəsiz radiator barmaqlığı və 17-düymlük təkər diskləri özünəməxsusdur.
Salon tamamilə yenidən işlənib: yalnız sükan çarxı və xırda furnitura birbaşa RX3 Pro modelindən köçürülüb. Ön paneldə hər birinin ölçüsü 12,3 düym olan iki ekran var, mərkəzi konsol isə faktiki olaraq ləğv edilib. İqlimə nəzarət sisteminin bütü funksiyaları Zebra Zhixing Venus media sisteminə inteqrasiya olunub. Panoram dam, Yamaha audio sistemi və dairəvi görüntü kameraları da var.
Roewe Lomemo modelinin əsas xüsusiyyəti kapotun altındadır. Əgər Roewe RX3 Pro modeli yalnız 1,6-litrlik (125 at qüvvəsi) atmosfer benzin mühərrik ilə təklif edilirsə, yeni krossover hibriddir. Yeni modeldə elektromexaniki variatoru olan (demək olar ki, Toyota hibridləri kimi) güc qurğusu debüt edib. Bununla belə, SAIC güc qurğusunun yaradıcısını və ya tədarükçüsünü açıqlamayıb.
1,5-litrlik benzin mühərriki (120 at qüvvəsi, 150 Nm) elektrik mühərriki (95 at qüvvəsi, 200 Nm) ilə tandemdə çalışır. Onlar ön təkərləri hərəkətə gətirir və ümumilikdə 182 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edirlər. Dartma batareyasının tutumu cəmi 2,13 kilovat-saatdır, ona görə də Roewe Lomemo elektrik rejimində yalnız park edərkən hərəkət edə bilir. Maksimal sürət 168 km/saatdır. Baqaj hibridləşmənin qurbanı olub: RX3 modeli ilə müqayisədə onun həcmi 485 litrdən 383 litrə qədər azalıb.
Benzinli Roewe RX3 Pro modelinin Çindəki satış qiyməti 11300-14500 dollar arasındadır, lakin hibrid Roewe Lomemo nəzərəçarpacaq dərəcədə bahadır - onun qiyməti minimum 18800 dollardır. Sifarişlərin qəbuluna artıq başlanılıb, satışlara yayda başlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.