Azərbaycanda təmsil olunmayan Roewe şirkəti RX3 Pro krossoverinin yenilənmiş versiyasını təqdim edib. Krossover bir müddət bundan əvvəl restaylinqdən keçmiş i5 modeli ilə eyni üslubda dəyişikliklərə məruz qalıb. Bu da təsadüfi deyil.
Bu yaxınlarda çin markasının daxil olduğu SAIC konserni Roewe şirkətinin dizayn qrupunu gücləndirib: son altı ildə Şao Cinfenin rəhbərlik etdiyi komandaya isveçli Martin Kropp qoşulub - isveçli mütəxəssis Çinfenin köməkçisi təyin edilib. Kropp uzun müddət Volkswagen şirkətində çalışıb. Onun ən diqqət çəkən işlərindən biri Passat CC sedanı olub. Sonra isveçli mütəxəssis Çinə köçüb. O, əvvəlcə FAW-Volkswagen birgə müəssisəsində, daha sonra isə, qısa müddət ərzində Zotye markası üçün çalışıb. Bir il yarım bundan öncə isə Roewe şirkətinə keçib.
Yenilənmiş i5 və RX3 Pro modelləri, Martinin yeni iş yerindəki ilk layihələridir. Əsas ideya - son illərdə bütün Roewe modellərinə xas olan iri radiator barmaqlığından imtina etməkdir. Barmaqlı indi ikimərtəbəlidir, standart fənərlər işıqdiodlarındandır və ümumiyyətlə, hər iki modelin görünüşü daha aqressiv olub.
2017-ci ildə debüt etmiş Roewe RX3 krossoveri 29 millimetr uzanıb, yeni təkər disklərini, bamperləri, arxa fənərləri və səsboğucu sistemin çıxış borularını imitasiya edən elementləri əldə edib.
Salon da yenilənib, lakin RX3 Pro modeli son zamanlar dəbdə olan virtual cihazlar panelini almayıb. Buna baxmayaraq, solanda yeni sükan çarxı və havalandırma deflektorlarını, habelə 10,1-düymlük ekranı olan Venera media sistemini görmək olar. Qeyd etmək gərəkdir ki, klimat-kontrolun idarəolunması da bu ekran vasitəsi ilə həyata keçirilir.
Mühərrik çeşidində də dəyişikliklər var - 1,3-litrlik turbomühərrik çeşiddən çıxarılıb. Yenilənmiş RX3 Pro krossoveri yalnız 125 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki ilə təklif edilir. Güc qurğusu beş pilləli mexaniki ötürmələr qutusu və ya variator ilə təchiz edilə bilər. Ötürmə - yalnız ön oxadır: çinlilər tam ötürmə sisteminə ehtiyac duymurlar.
Yenilənmiş Roewe RX3 Pro modelləri aprel ayında Çində satışa çıxarılacaqdırlar. Yenilənmədən öncəki modelin qiyməti 10.700 dollardır, lakin yerli standartlara görə krossoverin satışları çox azdır: keçən il 12 minə qədər, 2019-cu ildə isə cəmi 39 min avtomobil satılıb.