Rolls-Royce şirkəti də rekord satışlara nail olduğu barədə məlumat verib: 2021-ci ildə dilerlər müştərilərə 5586 avtomobil çatdırıblar ki, bu keçən illə müqayisədə 49% çoxdur. Beləliklə, Britaniya markası 250 min avrodan çox qiyməti olan avtomobillər seqmentində ən populyar marka olub.

Rolls-Royce şirkəti Çində, Cənubi və Şimali Amerikada, Rusiya və Asiya-Sakit okean regionunda rekord satış nəticələrinə nail olub. 2021-ci ilin ən populyar modeli Rolls-Royce Ghost sedanı olub - keçən ilin oktyabr ayında təqdim edilmiş Ghost Black Badge modelin satışlarının artmasına əlavə təkan verib.

Cullinan krossoverinə və bayraqdar Phantom sedanına gəldikdə isə, onlara sifarişlər artıq 2022-ci ilin üçüncü rübünə kimi qəbul olunub. Hazırda Rolls-Royce şirkətinin Qudvuddakı zavodu toplanmış sifarişləri yerinə yetirmək üçün maksimal istehsal gücü ilə, iki növbəlik iş rejimində fəaliyyət göstərir.

Britaniya istehsalçısının gələcək planlarında Spectre adlı ilk seriya elektrokarının buraxılması var. Rolls-Royce Spectre 2023-cü ilin dördüncü rübündə bazara çıxacaq və elektrik güc mühərriki ilə hərəkətə gələn kupe olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.