Rolls-Royce Phantom sedanı kiçik yenilənməyə məruz qalıb. Phantom Series II versiyasını gündüz hərəkət işıqları ilə ulduzlar səpələnmiş içliyi olan fənərlərin arasındakı cilalanmış bənd sayəsində asanlıqla tanımaq olar.
Eyni zamanda, model üçün yeni Phantom Platino salon tərtibatı variantı təklif olunur. Bu, Bespoke departamentinin ən dəbdəbəli və qeyri-adi interyer tərtibatlarından biridir, üstəlik, dizaynerlər adi dəri ilə yanaşı, xüsusi tekstildən istifadə ediblər. Arxa oturacaqlar məhz belə material ilə üzlənirlər.
Rolls-Royce markasının leksikonunda “restaylinq” sözü yoxdur. Buna görə də, Phantom Series II ilə münasibətdə şirkət “adaptasiya” terminindən istifadə etməyə üstünlük verir. Çox güman ki, bu termin müştərilərin tələblərinə uyğun olaraq avtomobilin təkmilləşdirilməsi prosesini təsvir etmək üçün daha münasib sayılır.
Baş vermiş dəyişikliklər eksteryerdəki yüngül ştrixlərdən və interyerdəki dekorasiyanın yenidən nəzərdən keçirilməsindən ibarətdir. İlk baxışdan yeniliklər diqqəti cəlb etmir - lakin bu yeniliklərin müəyyən məğzi var.
Pantheon Grille barmaqlığı yüngül şəkildə yenidən işlənib və Ghost sedanında olduğu kimi işıqlandırılıb, onun yuxarısındakı cilalanmış bənd isə, gündüz hərəkət işıqlarının zolaqlarını vizual olaraq birləşdirir. Fənər blokları lazerlə kəsilmiş “ulduz işıqları” ilə bəzədilib və bu, “Fantomun” ən məşhur opsiyası olan Starlight Headliner tavanına birbaşa işarədir.
Bundan başqa, tündləşdirilmiş dekor elementləri (barmaqlığın haşiyələnməsi, kapotun, alın şüşəsinin moldinqləri və sairə) peyda olub. Baza təkər diskləri indi üçbucaqlı kənarları olan, tam və ya qismən cilalanmış poladdan hazırlanırlar. Alternativ olaraq, keçən əsrin 20-ci illərinin Rolls-Royce modellərinin üslubunda dizayna malik olan qapalı retrodisklər (cilalanmış və ya parlaq qara) təklif edilirlər.
İnteryerdə yeniliklər, demək olar ki, yoxdur. Bununla belə, Bespoke şöbəsi salonun yeni Phantom Platino tərtibat variantını təklif edir. Belə tərtibatın sifariş edilməsi halında ön oturacaqlar dəri, arxa oturacaqlar isə, iki növ parça ilə üzlənəcəklər.
Birinci parça İtaliyada istehsal olunur və ipək kimi yumşaq səthi ilə seçilir. Ondan oturacaqların kürək hissəsində, dirsəkaltılarda və ön paneldə istifadə olunur. İkinci parça isə, bambuk liflərindən hazırlanır. Belə tekstil yüksək aşınmaya davamlılığı ilə seçilir, buna görə də o, yastıqlar və kresloların əsasları üçün daha uyğundur - yəni, ən çox təmasda olan yerlər üçün.
Hər iki materialda “Spirit of Ecstasy” heykəlciyinin mücərrəd təsviri şəklində naxış var, özü də bu naxış sayəsində parça növünü müəyyən etmək olar. İtalyan parçasının naxışları kiçikdir, bambukdan olanda isə böyükdürlər.
Eyni pattern saatın keramikadan çap edilmiş çərçivəsində də tətbiq olunur. Starlight Headliner ulduz tavanı unikal dizayna malikdir. Buradakı ulduzlar diqqəti salonun arxa hissəsinə yönəltmək üçün yerləşdiriliblər.
Nəhayət, Phantom Series II sedanında BMW ConnectedDrive sisteminin analoqu olan Rolls-Royce Connected servisi debüt edib. O, Whispers firma tətbiqi vasitəsi ilə avtomobilin statusunu yoxlamağa, səfərləri (marşrutları telefonunuzdan birbaşa avtomobilin naviqasiya sisteminə göndərməyə) və servis xidmətini idarə etməyə imkan verir.
Texniki cəhətdən heç bir dəyişiklik elan edilməyib, bu isə o deməkdir ki, Phantom Series II sedanı əvvəlki kimi 571 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,75-litrlik V12 turbomühərriki və səkkiz pilləli ZF “avtomatı” ilə təchiz edilir. Ötürmə, əlbəttə ki, arxa oxadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.