Rolls-Royce şirkəti yeganə nüsxədə inşa edilmiş Boat Tail kabrioletinin sahibləri üçün hazırladığı unikal saatı nümayiş etdirib. Britaniya şirkəti eksklüziv saatın yaradılmasına Bovet 1822 saat evini cəlb edib.
Tərəfdaşlar vahid usluba malik olan iki unikal xronometri hazırlayıblar - saatlardan biri kişi, digəri isə qadın üçün nəzərdə tutulub. Məlum olduğu kimi, Rolls-Royce Boat Tail modeli evli cütlük tərəfindən sifariş olunub və ondan müştərək səyahətlər zamanı istifadə ediləcəkdir.
Dəbdəbəli əşyaları ilə məşhur olan hər iki şirkətin mütəxəssisləri güclərini əsl sənət əsərinin yaradılmasına yönəldiblər. Saatın konstruksiyasında dönən gövdə və dəyişən xüsusi mexanizm tətbiq olunur. Saatı qolda, cibdə və asqıda gəzdirmək və yaxud masanın üzərinə qoymaq, və əlbəttə ki, Rolls-Royce kabrioletinin ön panelində yerləşdirmək olar.
Saatın korpusu 14 karatlıq ağ qızıldan hazırlanıb və 44 millimetrlik diametrə malikdir. Bovet şirkəti, avtomobilin vibrasiyasına qarşı saatın gediş dəqiqliyini təmin edən xüsusi turbiyonu hazırlayıb. Bu mexanizm saatı beş günlük gediş ehtiyatı ilə təmin edir və onu dəqiqlik sarıdan narahat olmadan avtomobilin ön panelində yerləşdirməyə imkan verir.
Əl işi olan qızıl Spirit of Ecstasy heykəlciyi birbaşa suferblatın altındakı turbiyon körpüsündə yerləşir və Boat Tail modelinin arxa göyərtəsinin tərtibatında istifadə olunan eyni Caleidolegno şponu ilə örtülüb. Kişi modelinin gövdəsi cilalanıb, qadın modelində isə göy boya ilə tamamlanmış naxışlar həkk edilib.
Kişi xronometrinin arxa tərəfdə ulduzlu səmasını əks etdirən aventurin ilə bəzədilib – ulduzlar saat sahibinin doğulduğu günə və yerə uyğun olaraq düzülüblər. İkinci saatda mirvari siferblat və cicək buketinin əks olunduğu miniatür rəsm var.
Bundan başqa,saatın arxa hissəsində Boat Tail modelinin dəqiq silueti də mövcuddur. Rolls-Royce şirkətinin bildiridiyinə görə, xronometr cütlüyünün yaradılmasına ən azı 3000 saat sərf edilib.