Rolls-Royce həmişə xüsusi sifarişlər ilə eksklüziv avtomobillərin istehsal edib, lakin bu sahədəki fəaliyyətin miqyası keçən əsrin ikinci yarısında xeyli azalıb. Rolls-Royce Bespoke bölməsi seriya modellərini xüsusi tərtibatla və dekorla təchiz etmək üzrə ixtisaslaşıb, daha ciddi işlər isə nadir hallarda rast gəlmək olar.
Добавить автора
Ancaq son illərdə eksklüziv məhsullara olan tələbat ciddi şəkildə artıb. Bentley və Ferrari şirkətlərinin artıq xüsusi sifarişlərlə eksklüziv avtomobillər yaradan bölmələri var. Rolls-Royce şirkəti də bu işə dörd il bundan öncə Sweptail kupesini yaradaraq qoşulub.
Bu gün isə, Rolls-Royce şirkəti xüsusi sifarişlər üzrə avtomobillər hazırlayan Coachbuild bölməsinin açıqldığını rəsmi olaraq bəyan edib. Bölmənin ilk məhsulu açıq kuzovlu Rolls-Royce Boat Tail modelidir.
Şirkət bu avtomobili “sənayeləşmiş dəbdəbəyə parlaq qarşılıq” adlandırıb. Layihədə şirkətin ən sadiq müştəriləri arasından biri deyil, üçü birdən iştirak edib. Onların istəkləri çox oxşar olub: hər kəs 1932-ci ilin Rolls-Royce Boat Tail üslubunda qeyri-adi bir avtomobil istəyib.
Buna görə də, tərtibat və dekoru ilə fərqlənən üç avtomobil istehsal ediləcəkdir. Ancaq hələlik yalnız bir avtomobil hazırdır.
Rolls-Royce Boat Tail modelinin əsasını, son nüsxəsi 2016-cı ildə buraxılmış Phantom Drophead Coupe kabrioleti təşkil edir. Ancaq bu sadəcə “paltarını dəyişmiş” Phantom deyil. 5,8 metrlik eksklüziv modelin yaradılmasına dörd il sərf edilib və nəticədə Boat Tail modelinin 1813 ədəd orijinal hissəyə sahib olduğu bildirilir.
Təkcə kuzovun karkasının dəyişdirilməsinə və yeni alüminium panellərin hazırlanmasına səkkiz ay gərək olub.
Ön hissənin dizaynı markanın ümumi üslubundadır, lakin radiator barmaqlığı donor Phantom modelindəki kimi ayrı bir hissə kimi hazırlanmır, əksinə kuzova inteqrasiya olunur. Ancaq avtomobilin əsas xüsusiyyəti bahalı yaxtalara baxaraq yaradılan tamamilə orijinal arxa hissəsidir.
Adi baqaj qapağının yerinə elektrik ötürməsi ilə 67 dərəcəyə qalxan iki qapaq quraşdırılıb. Qapaqlar açıq hüceyrəli Caleidolegno ağac şponu ilə üzlənib.
Baqajın içində piknik dəsti var. Burada boşqabları, şərab qədərləri və çəngəl-bıçaqları üçün bölmələr mövcuddur, həmçinin italyan Promemoria şirkətinin qatlanan masaları və kətilləri, habelə iki soyuducu gizlədilib. Üstəlik, bölmələrin birindəki lojementlər, avtomobilin sahibinin üstünlük verdiyi iki şüşə Armand de Brignac kolleksiya şampanı üçün nəzərdə tutulub.
Soyuducuların sabit işləməsi üçün bölmənin alt hissəsinə iki ventilyator və beş elektron bölmə quraşdırılıb. Şirkət, sistemin -20 ilə +80 dərəcə arasında dəyişən hava temperaturunda arzu olunan mikroiqlimi yaradacağını vəd edir.
Arxa hissədəki bu konstruksiya qatlanan damdan imtina edilməsinə səbəb olub. Bunun əvəzinə, yalnız qarajda saxlanılacaq sərt çıxarıla bilən dam hazırlanıb. Phantom kabrioletinin interyeri, demək olar ki, dəyişilməz qalıb, ancaq salon tərtibatı Giloşe texnikası sayəsində eksklüziv xarakterə malikdir - bu texnikadan adətən bahalı zərgərlik əşyalarının və saatların yaradılmasında istifadə olunur.
Ön paneldə avtomobil üçün xüsusi olaraq uyğunlaşdırılmış Bovet 1822 xronometri, əlcək bölməsində isə Montblanc qələmi olan alüminium və dəridən hazırlanmış kofr var.
Phantom texniki cəhətdən dəyişməyib. Rolls-Royce Boat Tail tələb olunan sınaq testlərindən keçib və ümumi istifadə yolları üçün sertifikatlandırılıb, lakin belə avtomobili satın almaq mümkün deyil. Sifariş edilmiş üç nüsxə eksklüziv olaraq qalacaqdır.
Bununla belə, Rolls-Royce Coachbuild bölməsi öz müştərilərinin yeni cəsarətli sifarişlərini yerinə yetirməyə hazırdır.