Ofrouderlərin inşası üzrə ixtisaslaşmış alman Delta4x4 atelyesi Rolls-Royce Cullinan modelini ekstremal ofrouderə çevirmək üçün sifariş alıb. Lüks krossoverin transformasiyası Ərəbistan yarımadasından olan müştəriyə təxminən 150.000 avroya başa gələcəkdir. Eyni zamanda, digər fərdi tüninq elementlərini də seçmək mümkündür. Məsələn, 15 min avro müqabilində klirensi artıqmaq və yaxud 33-düymlük Mickey Thompson şinləri taxılmış disklər dəstini quraşdırmaq olar.
Bu günə qədər Delta4x4 atelyesi Mercedes-Benz G-Class, Volkswagen Amarok və hətta Renault Duster modellərini təkmilləşdirib - lakin atelyenin heç vaxt belə bahalı layihəsi olmayıb. Layihələndirmə işləri bir neçə ay çəkib və yalnız indi Rolls-Royce Cullinan modelini təbiətə çıxış üçün nəzərdə tutulmuş ekstremal ofrouderə çevirməyə hazır olan müştəri tapılıb. Transformasiya proqramı olduqca genişdir: klirensin artırılması ilə yanaşı, avtomobildə şnorkel, yeni buraxılış sistemi, çadır üçün baqaj qutusu və müxtəlif düşərgə ləvazimatları quraşdırılacaqdır.
Təkər tağlarının genişləndiriciləri 14 min avroya başa gələcəkdir. Daha 15 min klirensin 80 millimetr artırılması (təkərlərlə birlikdə 150 millimetr olacaq) və eyni məbləğ 33-düymlük Mickey Thompson şinləri olan təkərlər dəsti üçün də tələb olunacaqdır. Ön müdafiə qövsü 3,9 min avroya, uzaq işıqlar rejimində işləyə bilən PIAA ralli projektorları isə 2,5 min avroya başa gələcəklər.
Tünerlər gücləndirilmiş baqajı səkkiz min avroya qiymətləndiriblər, lakin şnorkelin və yeni buraxılış sisteminin qiyməti barədə hələlik bir qərara gəlməyiblər. Eyni zamanda, bütün dəstin təxmini qiymətinin 150 min avro olduğu açıqlanıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.