Bu günlərdə yeni avtomobil "ovçuları" maraqlı bir "şikarı" ovlamışdılar. Bu dəbdəbəli avtomobillər istehsalçısı olan Rolls-Royce şirkətinin ilk ofroderi olacaq Cullinan modelinin prototipidir. Güclü kamuflyaja bürünmüş ofroder Almaniyada cəsusların obyektivlərinə tuş gəlmişdir.
Xatırladaq ki, bir müddət öncə Britaniya istehsalçısı Cullinan modelinin ilk görüntülərini dərc etmişdi. Ofroder layihəsi əvvəlki kimi Project Cullinan (“Kullinan” və ya “Afrikanın ulduzu” – bu dünyanın ən iri almazına verilmiş addır) adını daşıyır. Britaniyalılar avtomobilin seriya variantını “insanları operadan Alp dağlarına aparacaq” əsil ofroder hazırladıqlarını söyləyirlər.
Prototipin qarşısında duran əsas tapşırıqlardan biri də tam çəkiş sisteminin və gələn ildən yeni Rolls-Royce modellərində istifadə ediləcək yeni alüminium platformanın sınaqdan keçirilməsidir.
Milad bayramından sonra prototip soyuq şəraitdə sınaqlar və sürüşkən zəmində idarəetmənin tənzimlənməsi məqsədilə Şimal qütbünə yollanacaqdır. 2017-ci ildə isə ofroder, yüksək temperaturalarda və qumluqda sınaqdan keçmək üçün Yaxın Şərqə üz tutacaqdır. Rolls-Royce ofroderinin ilk prototipi 2015-ci ildə nümayiş etdirilmişdi. O, yüksək klirensi və iri arxa antiqanadı olan “Fantom” modelinin kuzovunu daşıyırdı. Bu ilin yanvarında isə, avtomobilin kamuflyaja bürünmüş variantının fotoşəkili dərc edilmişdi. Müştərilən çoxsaylı müraciətlərindən sonra Rolls-Royce rəhbərliyi ofroderin buraxılmasına “yaşıl işıq yandırmışdır”.