Rolls-Royce şirkəti Cullinan krossoverinin 1: 8 miqyasında olan surətini təqdim edib. Kolleksiya modelinin hər bir nüsxəsini toplamaq üçün 450 saat tələbedilir - bu, həqiqi avtomobilin yığılmasına sərf edilən zamandan iki dəfə çoxdur. Miqyaslı modelin qapıları, baqaj qapağı və kapotu açılır, salonu isə, demək olar ki, orijinalı təkrarlayır.
Hər bir Rolls-Royce Cullinan miqyaslı modeli müştəırinin spesifikasiyasına uyğun olaraq hazırlanır və mindən çox hissədən ibarətdir. Avtomobilin kuzovu əl ilə rənglənir və cilalanır: müştəri şirkətin kataloqundakı 40,000 çalarından birini seçə bilər və yaxud Bespoke şöbəsinin mütəxəssisləri ilə birlikdə öz rəngini yarada bilər. Kolleksiya krossoveri 6,75-litrlik V12 mühərrikinin dəqiq surəti və çalışan işıq texnikası ilə təchiz edilir.
Salonun surətinin yaradılması da yüksək səviyyə təşkil edilib: oturacaqlar həqiqi dəri ilə üzlənib, ön paneldə şpondan istifadə olunur, qapı kandarlarını isə işıqlandırılan lövhələr ilə təchiz ediblər. Miqyaslı modelin gələcək sahibi tikişlərin rəngini və növünü, haşiyələri seçmək və hətta kreslolara ailə gerbi vurmaq hüququna malikdir. "Oyuncaq" krossover təxminən bir metr uzunluğu olan futlyarda, qara parlaq rəngli pyedestalı və avtomobilə daha yaxından baxmaq üçün çıxarıla bilən şəffaf vitrini ilə birlikdə çatdırılır.
Rolls-Royce Motor Cars şirkətinin baş direktoru Thorsten Muller-Otvos belə deyir: "Cullinan miqyaslı modeli "istənilən səthdəki dəbdəbə" fəlsəfəsini yeni səviyyəyə qaldırır. İndi bizim lüks yolsuzluq avtomobili həm sahibinin evinin divarları arasında, həm də ən çətin və mürəkkəb yol şəraitində özünü rahat hiss edir".