Cenevrədə keçirilən beynəlxalq avtosalonda Rolls-Royce şirkəti Dawn kabrioleti üçün nəzərdə tutulmuş Dawn Aero Cowling sistemini nümayiş etdirib.
Bu aksessuar sayəsində Rolls-Royce Dawn kabrioletini rosdterə çevirmək mümkündür. Yeri gəlmişkən, rodsteri yenidən kabrioletə çevirmək o qədər də çətin və çoxlu vaxt tələb edən proses deyildir. Bunun üçün sadəcə Aero Cowling örtüyünü çıxarmaq kifayət edir. Bu örtük istifadə edilməyən arxa oturacaqları qorumaqla yanaşı praktik əhəmiyyət də daşıyır. Ön oturacaqlardan başlayaraq yumşaq tavan xəttinin gizləndiyi bölümə qədər uzanan sistem hava axını yönləndirərək sürücü və ön sərnişinə daha rahat səyahət etmək şəraiti yaradır. Əl ilə hazırlanmış və iki elementdən olan örtükdə əşyaları saxlamaq üçün xüsusi bölmələr də vardır.
Aero Cowling örtüyünün konstruksiyasında karbon və alüminiumdan geniş istifadə edilibdir. Bu səbəbdən də konstruksiya yüngül çəkisi və möhkəmliyi ilə seçilir. Üstəlik, örtük interyer tərtibatında istifadə edilən yüksək keyfiyyətli əsl dəri ilə üzlənir.
Qeyd etmək lazımdır ki, belə örtüyü tətbiq edən yeganə istehsalçı Rolls-Royce deyildir. Vaxtı ilə Porsche şirkəti də belə üsula əl ataraq Porsche 911 kabrioletini 911 Speedster modelinə çeviribdir. Lakin, britaniyalılardan fərqli olaraq almanlar arxa oturacaqlardan birdəfəlik imtina ediblər.