Dəbdəbəli lyuks avtomobillərin istehsalçısı olan Rolls-Royce şirkəti sürətli motorlu qayıqlara həsr edilmiş Wraith kupesini təqdim etmişdir. Wraith Nautical adını almış ikiqapılı avtomobil, Britaniya markasının adının çəkilməyini istəməyən müştərisi tərəfindən tək nüsxədə sifariş edilimişdir. Rolls-Royce Wraith Nautical sürətli dəniz yaxtalarının üslubunda hazırlanmışdır. Kupenin kuzovu Arabian Blue adlanan mavi çalarlı rəngə, damını isə Orchid White rənginə boyanmışdır.
Qapı dəstəklərinin yanında isə dəniz lövbərinin görüntüsü həkk edilmişdir. Bundan əlavə, kupe təkər topunun mavi haşiyələri olan xüsusi alüminiumdan hazırlanmış təkər diskləri də əldə etmişdir. Wraith Nautical interyerinin tərtibatı da dəbdəbəli yaxtaların üslubunda hazırlanmışdır. Ön panelin tərtibatinda boliviya çəhrahı ağacından (palisandrın bir növü) və xalis palıddan istifadə edilmişdir. Ön paneldə həmçinin lövbər emblemi həkk edilmiş və kompas quraşdırılmışdır.
Avtomobil texniki cəhətdən dəyişikliyə məruz qalmamışdır. Rolls-Royce Wraith 6,6-litrlik V12 turbomühərriki və səkkiz pillləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Mühərrikin gücü 633 at qüvvəsi, fırlanma anı 800 Nm-dir. Dəbdəbəli kupe 100 km/saat sürətini 4,6 saniyəyə toplayır. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Keçən il Rolls-Royce şirkəti «dəniz» mövzusunda hazırlanmış Phantom sedanını təqdim etmişdi. Britaniya markasının bildirdiyinə görə, onun müştəriləri yaxtalarla maraqlandıqları üçün, bu qəbildən olan başqa xüsusi modifikasiyaların da buraxılışını planlaşdırır.