Dünyanın pandemiyasız çağlarında ardıcıl olaraq iki dəfə Rolls-Royce testlərində iştirak etmişdim. Macarıstan paytaxtı Budapeştdə məşhur istehsalçının ilk SUV-si Rolls-Royce Cullinan modelini, Rusiya paytaxtı Moskvada isə Black Badge seriyasından olan ən güclü və eksklüziv Rolls-Royce avtomobillərini sürüb, «Autograph» izləyiciləri üçün hesabatlar hazırlamışdım.
Maraqlıdır ki, hər iki səyahət zamanı qəribə bir hiss tərk etmirdi, sanki məni kimsə daim izləyir, təqib edir, hətta vurub-öldürmək istəyirdi. Sonradan anladım ki, belə hissi yaradan qonşu avtomobil və avtobuslardan mənə yönəlmiş baxışlardır. Həmən baxışlar məni yandırıb külə çevirmək istəyini gizlətmirdi. Axı o paxıl insan haradan bilsin ki, mən Rolls-Royce sahibi deyiləm, jurnalistəm, iş başındayam. Hərçənd, bəlkə, bilsə də, paxıllığın dərəcəsi azalmayacaq, çünki mənim kimi maraqlı peşə sahibi deyil...
O ki, qaldı Rolls-Royce avtomobilinə, 100 ildən çoxdur dünyanın ən yüksək statuslu personalarının uğur göstəricisidir. Doğrudur, bəziləri heç bir uğur-filan qazanmadan, elə birbaşa pul qazanır, daha doğrusu çapır, talayır, mənimsəyir və sonradan bu pulun gücünə status və şan-şöhrət eşqinə düşür, amma inanın ki, avtomobil istehsalçısının bu məsələdə heç bir günahı yoxdur. Bir də Karl Marksın nəzəriyyəsini xatırlasaq, tarixən əksər hallarda ilkin kapital qanunsuz yolla əldə edilib. Amma gəlin dərinə getməyək. Məqsədimiz avtomobillə olmaqdır, hərçənd, söhbət Rolls-Royce - dan gedirsə, at gücündən, transmissiyadan, baqaj həcmindən, asqıdan və s. dəmir-dümürdən danışmağa adamın dili də gəlmir. Bu çox darıxdırıcı məşğuliyyət olardı və mənim bu gün belə etmək fikrim də yoxdur.
Əslində, kapotun üzərində süzən fiqur bu avtomobilin fəlsəfəsini parlaq tərzdə izah edir. Bu fiqur qədim yunan mifologiyasında qələbə ilahəsi Niki-yə işarədir, qədim romalılar isə ona Viktoriya deyiblər. Bəs görəsən, ötən əsrin əvvəlində bu möcüzəni yaradarkən rəssam üçün model olmuş o xanım kim olub? Sən demə, Rolls və Royse soyadlı kompaniya sahiblərinin baron Monteqyu adlı bir varlı dostları varmış. Bu baron ümumiyyətlə dünyada ilk fərdi avtomobil sahiblərindən biri olub. Zərin qədrini zərgər bilər - deyirlər, ser Moteqyunun Rolls-Royce avtomobili də, katibəsi Eleonora o qədər gözəlmiş ki, onları birləşdirib tarixə yazmağı qərara alır. O, bunun üçün modernist-heykəltəraş Çarlz Sayksa sifariş verir. Deyir elə bir fiqur yarat ki, düz Eleonoranın «kopyası» olsun və daim gözümün qabağında fəzanı yararaq, məni qələbələrə səsləsin. Maraqlıdır ki, 1909-cu ildə o «Eleonoranı» «Ekstaz ruhu» adı ilə patentləşdirir və Rolls-Royce Motor Cars kompaniyasına satır. O vaxtdan bu marka altında buraxılan hər bir avtomobilin önündə bu simvolu görmək olar. Onun qiyməti 5000 dollardır. Yəni fiqurun qiyməti… Yeri gəlmişkən, Avropa Birliyi qərar qəbul etmişdi ki, piyadaların təhlükəsizliyini artırmaq üçün 2020-ci ildən belə detallar maşınlardan yığışdırılsın. Məncə «brexit»-in əsas səbəblərindən biri də elə bu oldu…
Əlbəttə, Rolls-Royce avtomobilini fərqləndirən təkcə «Ekstaz ruhu» fiquru deyil, əsas məsələ onun sahibinə bəxş etdiyi əsl ekstazdır. Özü də, əvvəllər bu hissi yalnız konservativ Phantom limuzininin arxa sırasında yaşamaq olurdusa, bu gün vəziyyət tam başqadır. Əgər çağdaş dünyanın ən zəngin və ən imkanlı şəxsləri İlon Mask, Mark Zukerberq və başqalarını xatırlasaq, aydın olur ki, milyardçı biznesmenlər arasında cavanlaşma prosesi baş verir. İnnovasion texnologiyalar sayəsində gənc və istedadlı şəxslər saysız-hesabsız sərvətlərə sahib olur və bəşəriyyətin inkişaf yolunu dəyişməyə can atırlar. Onlar hətta ən prestijli və bahalı avtomobilin arxa oturacaqda əyləşib pəncərədən həyatı müşahidə etməyi ağıllarına belə gətirmir. Onlar sükan arxasında olmalıdır, öz həyatlarının, bizneslərinin, avtomobillərinin sükanı arxasında… Rolls Royce Ghost modeli ilk dəfə 2009-cu ildə məhz onların sosial sifarişi ilə dünyaya gəldi.
Bu gün modelin ikinci və tam yeni nəslini Bakıda qarşıladıq, rəsmi Rolls-Royce mərkəzində təqdimatını dinlədik, daha sonra sükan arxasına əyləşib yola çıxdıq. Həmən ekstazı yaşamaq istədik, heç olmasa iki saatlıq. Məqalənin başlanğıcında qeyd etdiyim kimi, kolleqalardan fəqrli olaraq, mən xarici ölkələrdə istehsalçının bütün modellərini sınamışam, lakin gözəl Bakının küçələrində «rolls» sürmək bənzərsiz hisslər bəxş etdi. Çox vaxt sosial şəbəkələrdə oxuyuruq ki, adamlarımız arasında paxıllıq çoxdur. İcazənizlə razılaşmayım. Bütün yol boyu qonşu maşınlardan mənə tərəf qürur dolu baxışlar yönəlmişdi. Sanki hamı mənə mesaj göndərirdi: bacarana can qurban…
P.S. O ki, qaldı yeni Rolls-Royce Ghost modelinin texniki göstəriciləri və təhcizatına, aşağıdakı linkdə videonu izləyə bilərsiz: