Dörd il əvvəl İngiltərənin Rolls-Royce şirkəti özünün kiçik Ghost sedanının ikinci nəslini təqdim edib. O zaman sedan BMW 7 Series modelinin platformasını “Dəbdəbə Arxitekturasına” dəyişmişdi. İndi isə, brend üçün ənənəvi Series II indeksi ilə işarələnən planlaşdırılmış restylinqin vaxtı gəlib çatıb.
Yenilənmiş modeli ilk baxışdan müəyyən etmək elə də asan deyil, çünki xarici görünüş yüngül toxunuşlarla korreksiya olunub. Mərkəzə doğru daraldılmış yeni fənərlər daha müasir LED içalata malikdirlər, firma radiator barmaqlığı bir qədər genişləndirilib.
Ön bamperdəki hava girişləri fərqli formaya malik olublar. Şəffaf gövdəli arxa fənərlər Spectre elektrik kupesinin üslubunda dizayn ediliblər. Yeni 22 düymlük təkər diskləri peyda olublar, kuzovun standart rəng çeşidi Mustique Blue çaları ilə tamamlanıb. Müştərilərə ümumilikdə 44 min çalardan ibarət palitra təklif olunur!
Sedanın ön paneli yenilənmiş Rolls-Royce Cullinan krossoverindəki kimi şüşə səthə malikdir. Onun altında virtual cihazlar paneli və yeni Spirit media sisteminin mərkəzi ekranı yerləşir. O, dəyişdirilmiş qrafikaya malikdir və əlavə proqramları dəstəkləyir - məsələn, Whispers telemetriyasını.
İkinci cərgənin sərnişinləri artıq iki cihazı arxa ekranlara qoşmaq imkanına malikdirlər. Yenilənmiş 1400 Vattlıq səs sistemində tavanda quraşdırılan da daxil olmaqla 18 dinamik var. Salonun dekorasiya üçün boz Stained Ash ağac şponu və bambukdan hazırlanmış xüsusi Duality Twill parçası təklif olunur.
Belə parçanı sifariş etdikdə, bütün interyerin tərtibatı üçün 2,2 milyon tikiş tələb olunur. Bu tikişlər üçün ümumi uzunluğu 18 kilometr olan sapdan istifadə edilir.
Əvvəli kimi, Rolls-Royce Ghost Extended versiyasını da sifariş etmək olar. O, arxa sərnişinlər üçün əlavə 170 millimetrlik ayaq zonası təklif edir və əlavə ödəniş müqabilində aviasiya üslubunda Serenity oturacaqları ilə təchiz edilir. Seçimlər arasında müxtəlif içkilər üçün bir neçə iş rejimi olan soyuducu da var.
Rolls-Royce Ghost Series II sedanı tanış 6,75-litrlik V12 biturbo mühərriki ilə təchiz edilir. Onun hasilatı dəyişməyib: 571 at qüvvəsi və 850 Nm. Mühərrik səkkiz pilləli ZF avtomatik transmissiyası və tam ötürmə sistemi ilə birlikdə işləyir.
Planar Suspension System pnevmatik asqısı da yerindədir. Daha çox sürücü yönümlü (və ya şirkətin müasir terminologiyası ilə desək, gənclər üçün versiya) Black Badge versiyası gücləndirilmiş mühərriki ilə (600 at qüvvəsi və 900 Nm) seçilir, həmçinin güc aqreqatının idman rejiminə malikdir. “Qara emblemli” versiyanın xarici fərqləri bol qara dekor və orijinal 22 düymlük təkər disklərindən ibarətdir.
Rolls-Royce Ghost Series II modelini artıq sifariş etmək olar. Qiymətlər açıqlanmayıb, lakin Avropada restaylindən əvvəlki sedanın qiyməti 290 min avrodan başlayırdı.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.