Kaliforniyanın Pebbl Biç qəsəbəsində keçirilən Zəriflik müsabiqəsi həmişə varlı kütlənin və müvafiq olaraq dəbdəbəli avtomobil istehsalçılarının diqqətini cəlb edib. Bu il Rolls-Royce Bespoke bölməsi müsabiqədə nümayiş etdirmək üçün unikal Spectre Semaphore elektrik kupesini hazırlayıb. Britaniyalıların bildirdiyinə görə, avtomobil Kaliforniya sahillərinin qeyri-formal zərifliyindən ilhamlanıb və gənc müştərilər üçün yeni dəbdəbə standartlarını təmsil edir.
Yeganə nüsxədə yaradılmış elektrik kupesi boyandığı sarı Semaphore rənginin şərəfinə adlandırılıb. Bununla belə, obrazın ən diqqət çəkən detalı kapotun üzərindəki mürəkkəb naxışdır. O, Marbled Paint Spill adlanır və onun yaradılmasına 160 saatdan çıx vaxt sərf edilib. Rolls-Royce Bespoke ustaları əvvəlcə əl ilə gümüş boyanı, daha sonra isə, qüsursuz bir effekt əldə etmək üçün bir neçə qat şəffaf lakı vurublar.
İnteryerdə də xüsusi versiyanın parlaq və günəşli Kaliforniyaya həsr olunduğunu xatırlatmaq üçün iki sarı çaların birləşməsindən istifadə edilib. Sarı səltənət ağ və boz vurğular ilə qarışdırılıb. Ön paneldəki ağac əlavələr gümüş slyuda səpələnmələri olan fil sümüyü rənginə boyanıb. Kandarlarda Pebbl Biç xatirə lövhəsi və şassi nömrəsi göstərilən zavod lövhəsi var.
Rolls-Royce Spectre elektromobilinin texniki hissəsi dəyişməz olaraq qalır. İkimühərrikli elektrik güc qurğusu 585 at qüvvəsi və 900 Nm hasil edir, 120 kilovat/saat tutumlu dartma batareyası isə, WLTP dövrünə əsasən təxminən 520 kilometr yürüş ehtiyatını təmin edər. Planar Suspension pnevmatik asqısı düzlükdə açılan köndələn dayanıqlılıq stabilizatoruna malikdir.
Unikal Rolls-Royce Spectre Semaphore kupesinin canlı təqdimatı avqustun 16-da Kaliforniyada keçirilən Pebbl Biç Zəriflik müsabiqəsində baş tutacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.