Rolls-Royce şirkətinin başçısı Thorsten Müller-Otvos markanın ilk elektromobilinin adını təsdiqləyib - yeni elektrokar Silver Shadow (“Səssiz Kölgə”) adlanacaqdır. Dəbdəbəli Britaniya markasının model xəttinin daxili yanma mühərrikləri olmayan avtomobillərlə genişləndirilməsi bu onilliyin sonuna qədər baş tutmalıdır. Bununla belə, Rolls-Royce yeni model haqqında heç bir məlumatı açıqlamayıb.
Thorsten Müller-Otvos elektromobilin həm texniki hissəsinin, həm də seriyaya buraxılma tarixinin sirr olduğunu söyləyib və Silver Shadow modelinin “tamamilə yeni Rolls-Royce” olacağın; bildirib. Beləliklə, Britaniya markasının patronu mövcud modellərin elektrikləşdirilməsi barədə dolaşan şayiələri təkzib edib.
Rolls-Royce rəhbəri elektrik ötürməsinə keçidin mühəndislərin işini asanlaşdıracağına inanır, çünki elektrik mühərrikləri olduqca səssizdir və sanballı fırlanma anına malikdir. Rolls-Royce modelləri heç vaxt mühərriklərin gurultusu ilə seçilmədiyi üçün, yanacaq aqreqatlarından imtina edilməsi problemsiz ötüşməlidir.
İnsayderlər Rolls-Royce elektromobilinin BMW markasının gələcək elektrik fıaqmanı i7 modelinə yaxın bir arxitekturaya sahib olacağına inanırlar, yəni alıcılar ən azı 120 kilovat-saat tutumlu və təxminən 700 kilometrlik yürüş ehtiyatına malik olan batareyaya ümid edə bilərlər.
Rolls-Royce rəhbəri koronavirus pandemiyasının dəbdəbəbli avtomobillərə tələbin artmasına səbəb olduğunu vurğulayıb. Statistika Müller-Otvosun haqlı olduğunu təsdiqləyir: 2021-ci ilin ilk rübündə ingilis markası satış rekorduna imza atıb.