Məşhur Britaniya brendi 107 ədəd Spectre kupesinin risk altında olduğunu bildirib. Defekt istehsal olunan elektromobillərinin 90 faizində aşkarlana bilər. Nasazlığın yerə birləşdirmə kabelində olduğu deyilir: bağlayıcıdakı yapışqan qalıqları ucbatından müqavimət arta bilər və bu halda yerə birləşdirmə kifayət qədər səmərəli olmayacaq. Rolls-Royce müəyyən əlverişsiz şəraitlərdə defektin yanğına səbəb ola biləcəyinə də vurğulayıb.
Eyni zamanda, avtomobil istehsalçısı heç bir yanğın hadisəsinin qeydə alınmadığını bildirib. Ancaq istənilən halda, rəsmi dilerlər Spectre sahibləri ilə əlaqə saxlayaraq, onları ön elektrik mühərrikinin kabelini yapışqan qalıqlarından təmizləmək üçün plandankənar yoxlamaya dəvət edəcəklər. Müştərilərə zənglər mart ayının 15-dən etibarən həyata keçiriləcək. Xatırladaq ki, yanvar ayının 11-dən etibarən yeni Rolls-Royce Spectre kupesinin müştərilərə çatdırılması dayandırılıb.
Rolls-Royce Spectre modelinin istehsalına 2023-cü ilin dördüncü rübündə başlanıldığı üçün, bu müddət ərzində buraxılmış bütün elektromobillər risk altında ola bilərlər. Bununla belə, geriçağırma kampaniyasına yalnız ABŞ-da start verilib. İlk "batareyalı" Rolls-Royce modelinə olan tələbat təklifi üstələyir, odur ki, Britaniya istehsalçısının keçmiş rəhbəri Spectre kupesinin təkrar satışından pul qazanmaq istəyənləri ömürlük qadağa gözlədiyini bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.