Rolls-Royce şirkəti Pebbl Biçdə keçirilən Zəriflik müsabiqəsində Kaliforniyanın şərəfinə yaradılmış unikal Spectre Semaphore elektrik kupesini nümayş etdirib. Lakin o Britaniya markası tərəfindən bu tədbirdə nümayiş etdirilən yeganə eksponat deyil.
Kaliforniyada flaqman Rolls-Royce Phantom Extended sedanının kiçik seriya ilə buraxılacaq Scintilla (latıncadan - “Qığılcım”) adlanan versiyası təqdim olunub. Yaradıcıları onun konsepsiyasını hazırlamaq üçün təxminən iki il vaxt sərf etdiklərini bildiriblər.
Gənclərə ünvanlanmış Semaphore kupesindən fərqli olaraq, Scintilla xüsusi versiyası daha sanballı və zərifdir. Kuzov ikirəngli boyanmaya malikdir. Onun yuxarı hissəsi üçün Andalusian White, aşağı hissəsi üçün isə, Thracian Blue rəngindən istifadə olunub və qeyri-adi əfsanə burada başlayır.
Rəngin Rolls-Royce modellərinin kapotundakı “Vəcdin Ruhu” heykəlciyi üçün ilham mənbəyi olmuş qədim yunan mərmər heykəli - Samofrakiyalı Nikanın tapıldığı Samotraki adasının ətrafındakı dənizdən ilhamlandığı iddia edilir. Nikaya olan hörməti nümayiş etdirmək üçün, Rolls-Royce Phantom Scintilla sedanında keramika örtüklü heykəlcik quraşdırılıb.
Arxa oturacaq və qapılar zərif dalğaşəkilli naxışı olan parça ilə üzləniblər. Yaradıcılar iddia edirlər ki, naxış üçün 869.500 tikmə tikişi lazım olub. Salonda 1500 fiber-optik mikrolampalardan ibarət olan firma işıqlandırması quraşdırılıb. Onlar, dalğaları avtomobilin tavanı boyunca uzanan dekorativ naxışın içərisində qeyri-adi bir şəkildə düzülüblər.
Ön panelin sərnişinin tərəfindəki hissəsi də analoji şəkildə tərtib edilib. Orada Celestial Pulse adlı barelyef var. O, keramik örtüklü frezelənmiş alüminiumdan hazırlanmış bir-birinə bağlanan yeddi lentdən ibarətdir.
Ümumilikdə 10 ədəd uzunbazalı Rolls-Royce Phantom Scintilla sedanı istehsal olunacaq və onların hamısı artıq sifariş ediliblər. İddia edilir ki, bu xüsusi versiya Phantom modelinin tarixindəki bəlkə də ən bahalı olanıdır.
Xatırladaq ki, hətta sedanın baza versiyası 417 min funt sterlinqə başa gəlir. Bununla belə, “Qığılcımın” dəqiq qiyməti barədə məlumat verilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.