Dəbdəbəli avtomobillərin istehsalçıları yeni müştərilərin cəlb edilməsi üçün ən vacib vasitələrdən birinin xüsusi seriyaların hazırlanması olduğunu düşünürlər. Belə nümunələrdən biri yeni Rolls-Royce Dawn Silver Bullet seriyasıdır.
Ümumiyyətlə, belə modifikasiya standart Dawn kabrioletindən yalnız kuzovun xüsusi gümüş rəngi (keçən əsrin ortalarında Rolls-Royce modellərini belə rəngə boyanırdılar), oxşar salon tərtibatı və xüsusi versiyanın adı olan lövhələr ilə fərqlənir.
Dawn Silver Bullet modelinin xüsusiyyətlərindən biri ikinci oturacaq cərgəsinin arxasında quraşdırılan sərt örtükdür. Bu örtük dörd nəfərlik kabrioleti iki nəfərlik rodsterə bənzətsə də, arxa cərgənin oturacaqları yerində qalıb. Xatırladaq ki, Aero Cowling adlanan bu opsiya 2018-ci ildən bəri kabriolet üçün təklif olunur. Yeri gəlmişkən, oturacaq başlıqlarının arxasındakı "donqarda" xırda əşyaların saxlanılması üçün kilidli kofrlar yerləşir.
Silver Bullet seriyasından olan Rolls-Royce Dawn kabrioletləri 50 nüsxəlik tirajla buraxılacaqdırlar. Xüsusi seriyadan olan avtomobillərin qiymət açıqlanmasa da şirkət artıq sifarişləri qəbul etməyə hazırdır.