Britaniya aristokratiyasının həyat tərzini təsvir edən iki əşya varsa, onlardan biri Rolls-Royce, digəri isə yelkənli yaxtadır. Təsadüfi deyil ki, markanın növbəti unikal layihəsi məhz bu iki dünyanı bir araya gətirir.

Phantom Regatta yalnız bir avtomobil deyil. O, Rolls-Royce brendinin dənizlə onilliklər boyu davam edən münasibətinin növbəti ifadəsidir.

Rolls-Royce Coachbuild proqramı son illərdə markanın ən maraqlı istiqamətlərindən birinə çevrilib. Bu bölmə seriya istehsalından kənara çıxaraq konkret müştərinin zövqünə uyğun, bəzən isə cəmi bir nüsxədə hazırlanan avtomobillər yaradır. Phantom Regatta da həmin layihələrdən biridir. Lakin bu avtomobili fərqləndirən əsas cəhət texniki platforması deyil, layihənin fəlsəfəsidir.

Yaxta estetikasının avtomobilə çevrilmiş forması

Uzunluğu 5962 millimetr, çəkisi isə 2610 kiloqram olan Phantom Regatta modelini kimsə sürətli yaxta ilə müqayisə etməyəcək. Rolls-Royce şirkətinin də məqsədi bu olmayıb. Əksinə, dizaynerlər yaxtanın sürətini deyil, onun atmosferini avtomobilə köçürməyə çalışıblar. Bunun ilk işarəsi kuzovdur.

Xüsusi hazırlanmış Regatta Blue rəngi dənizin müxtəlif saatlarda dəyişən çalarlarını xatırladır. Onu yaxtaların gövdəsindəki klassik English White “su xətti” tamamlayır. Bu zolaq dekorativ detal deyil. Dəniz mədəniyyətini tanıyanlar üçün o, yaxtanın ən xarakterik elementlərindən biridir.

Rolls-Royce burada təsadüflərə yer qoymayıb. Kuzov tamamilə əl ilə rənglənib, 22 düymlük cilalanmış disklərin dizaynı isə yarış yaxtalarının bucurqadlarından ilham alıb.

Bu salonun məqsədi təəssürat yaratmaq deyil

Müasir avtomobillərdə “əl işi” ifadəsi bəzən marketinq terminindən uzağa getmir. Rolls-Royce isə hələ də bunun əksini sübut edən azsaylı istehsalçılardandır. Phantom Regatta sedanının salonunda hər detal müəyyən ideyaya xidmət edir.

Ön hissədə tünd göy Navy dərisi üstünlük təşkil edir. Sol tərəfdə yerləşən ağacdan panel üzərində əl ilə işlənmiş Watercolour kompozisiyası ilk baxışdan dekor kimi görünür.

Əslində isə bu, İngiltərənin cənub sahillərində dalğaların yaratdığı naxışların bədii interpretasiyasıdır. Rolls-Royce ustalarının həmin effektə nail olmaq üçün boya qarışdırma texnikasını hazırlamasına iki həftədən çox vaxt sərf olunub.

Ən qiymətli detal isə göz önündə deyil

Arxa oturacaqların qarşısında yerləşən qatlanan masalar ilk baxışda sadə görünür. Lakin onların hazırlanmasına sərf olunan 120 saat bu detalın adi funksional element olmadığını göstərir.

Onların səthi kral qozundan hazırlanmış 16 taxta zolaqdan formalaşdırılıb, zolaqlar isə qara Bolivar ağacından əlavələrlə ayrılıb. Bu kombinasiya klassik yaxta göyərtəsinin teksturasını avtomobil salonunda yenidən canlandırır.

Ənənə dəyişmir

Texniki hissədə yenilik yoxdur. Kapotun altında əvvəlki kimi 6,75 litrlik V12 biturbo mühərrik çalışır. 571 at qüvvəsi və 900 Nm fırlanma anı bu, təxminən altı metrlik sedanı 100 km/saata 5,3 saniyəyə çatdırır.

Maksimal sürət isə Rolls-Royce üçün artıq ənənəyə çevrilmiş 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Bu avtomobil heç vaxt sürət rekordları üçün yaradılmayıb. Onun məqsədi tamam başqadır.

Bir gün muzey eksponatına çevriləcək avtomobil

Rolls-Royce sifarişçinin adını açıqlamır. Qiyməti də. Bu da artıq markanın yazılmamış qaydalarından biridir.

Ancaq bir neçə gün ərzində Goodwood Festival of Speed ziyarətçiləri Phantom Regatta modelini yaxından görə biləcəklər. Daha sonra isə böyük ehtimalla o, şəxsi kolleksiyalardan birinə yollanacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İllər keçəndən sonra bu avtomobil, çox güman ki, “ən bahalı Phantom” kimi deyil, Rolls-Royce brendinin dəniz ruhunu ən incə şəkildə ifadə edən Coachbuild layihələrindən biri kimi xatırlanacaq.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.