Rolls-Royce unikal, fərdi sifarişlər ilə hazırlanmış avtomobillər yaratmaqda böyük təcrübəyə malikdir. Doğrudur, onların hamısı nisbətən kütləvi şəkildə istehsal olunan standart modellərə əsaslanır.İndi isə, Britaniya şirkəti işləri növbəti səviyyəyə qaldırmaq qərarına gəlib və avtomobil sənayesinin ilk dövrlərində geniş yayılmış xüsusi kuzovların inşa edilməsi təcrübəsini canlandırmağı hədəfləyən Coachbuild Collection layihəsinə start verib.
Bu layihə çərçivəsində tamamilə orijinal kuzova və dizayna malik olan və kiçik seriya ilə buraxılacaq avtomobillər yaradılacaq. Bu istiqamətin ilk nümayəndəsi Rolls-Royce Project Nightingale rodsteri olacaq.
Adı "bülbül" kimi tərcümə edilən layihənin ilham mənbəyi Art Deco üslubu və onun konkret Streamline Moderne istiqaməti olub. Müasir avtomobil üçün oriyentir olaraq 1928-ci ilin Rolls-Royce 16EX və 17EX prototipləri seçilib. Bu idman avtomobilləri sürət rekordları (145 km/saatdan çox) qırmaq üçün hazırlanmış və həmin illərin Phantom modelinin seriya şassisinə quraşdırılmış orijinal alüminium kuzovlara malik idilər.
Əlbəttə ki, müasir Rolls-Royce Nightingale modelini demək olar ki, 100 il bundan əvvəlki prototiplərin tam surəti adlandırmaq mümkün deyil, lakin onun dizaynındakı bəzi paralellər göz qabağındadır. Misal üçün, uzun, alçaq siluet və kuzovun geniş, lakin lakonik xətləri.
Rodsterin uzunluğu 5,76 metrdir ki, bu da müasir Phantom sedanında olduğundan bir qədər qısadır, baxmayaraq ki, britaniyalılar onu iki nəfərlik kabriolet adlandırmağa üstünlük verirlər.
Bütöv bir paslanmayan polad parçasından yonulmuş kimi görünən "barmaqlıq" təxminən bir metrlik enə malikdir, bununla belə, nisbətən alçaq alınıb. Mərkəzdə EX seriyasından olan Rolls-Royce prototiplərindəkinə bənzəyən qırmızı rəngli firma loqotipi yerləşir, onun üzərində isə, ənənəvi "Vəcdin Ruhu" fiqurcuğu quraşdırılıb.
Yan tərəflər olduqca dar şaquli faralar yerləşir. Onlardan paslanmayan poladdan moldinqlər uzanır və bütün kuzovdan keçərək, cütlənmiş arxa işıqların yaxınlığında bitir. Yan tərəfdə ön şüşə dirəklərindəki paslanmayan poladdan iri örtmələr və hərəkət istiqamətinin əksinə açılan qapılar nəzərə çarpır.
Maili arxa hissədə uzununa əyləc işığı quraşdırılmış yana açılan baqaj qapağı var. Yumşaq üst hissə kaşmir, parça və kompozit materiallardan hazırlanmıb. Bu kombinasiya əla səs izolyasiyası təmin etməlidir.
Kuzovun bütün aşağı perimetri karbondan hazırlanıb və paslanmayan polad haşiyələrlə bəzədilib. Kuzov Côte d’Azur adlanan unikal mavi rəngə boyanıb. Bu örtüyün tərkibinə kiçik qırmızı hissəciklər var ki, onlar da işıqlanmadan asılı olaraq boyaya incə qırmızı çalar bəxş edir.
Rolls-Royce brendinin tarixindəki ən böyük təkər disklərinin diametri 24 düymdür, onların dizaynı isə, yaxtaların pərvanələrindən ilhamlanıb.
Məlum səbəblərdən interyerdə "ulduzlu səmaya" yer tapılmayıb. Onun əvəzinə, dizaynerlər 10.500 "ulduzdan" ibarət olan Starlight Breeze LED naxışını hazırlayıblar. O, qapılar və oturacaqların arxasında yerləşir və bülbül nəğməsinin səs dalğalarını təqlid edir.
İnteryer ağ və açıq mavi dəri ilə oturacaqlardakı tünd mavi əlavələr və qırmızı vurğularla tərtib olunub. Ön panel təbii teksturası olan qara ağacdan hazırlanmış örtməni alıb.
Rolls-Royce Nightingale rodster alüminium kuzov panelləri olan firma "dəbdəbəli memarlığına" (Architecture of Luxury) əsaslanır. Bu, layihə haqqında məlum olan yeganə texniki detaldır. Elektrik mühərrikinin dəqiq xüsusiyyətləri tam sınaq dövrü başa çatdıqdan sonra açıqlanacaq.
Hələlik, lüks yaxtadakı kimi tam səssiz hərəkət vəd edilir. Yalnız 100 ədəd Nightingale rodsteri istehsal olunacaq və ilk avtomobillərin sifarişçilərə 2028-ci ildə çatdırılması planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









