Rolls-Royce şirkətinin dəbdəbəli Wraith kupesi bir çoxlarının həyata keçirilməz arzusu olsa da, müəyyən insanlar üçün bu dəbdəbə qənaətbəxş sayılmaya da bilər - onlar kupenin çöhrəsində daha çox idman xarakterli cizgiləri görmək istərdilər. SPOFEC atelyesinin təklif etdiyi tüninq proqramı məhz bu sayaq insanlara yönəldilmişdir. Düzdür, avtomobilin tüninq ustalarının əlindən keçmiş halına baxdıqda bir qədər tərəddüd etməli olursan və istər-istəməz özünə sual verirsən - yaraşır ya yox?
Hər halda belə növ tüninqin də aşiqlərinin olduğunu istisna etmək olmaz. Yoxsa atelye mütəxəssisləri niyə dəbdəbəli avtomobili belə hala salsınlar axı. Sən demə bu tüninq proqramının maraqlı adı da varmış - «Overdose» (tərcümədə «həddən artıq doza» deməkdir).
Karbondan hazırlanmış kuzov dəsti avtomobilin arxa hissənin enini 13 santimetr artırsa da, onun çəkisini azaltmağa xidmət edir. Avtomobil həmçinin, 22-düymlük təkər disklərini yerləşdirəcək təkər tağları, arxa spoyler və idman xarakterli buraxılış sistemi ilə də öyünə bilər.
Avtomobilin zahiri görkəmi bir çoxlarının ürəyincə olmasa da, onun kapotunun altındakı dəyişikliklərin hər kəsin bəyənəcəyindən əminəm. Rolls-Royce Wraith modelinin təchiz edildiyi 6,6-litrlik V12 mühərriki əlavə 85 at qüvvəsi əldə edərək 717 at qücünə yiyələnmişdir.
Mühərrikin fırlanma anı da ciddi artım göstərmişdir ki, standart fırlanma anı 186 Nm artaraq 986 Nm-ə qədər yüksəlmişdir. Nəticədə, kupe yerindən 100 km/saat həddinə 0,2 saniyə daha yeyin sürətlənir. Artıq kupeyə bunun üçün 4,2 samiyə kifayət edir. Tüner avtomobilin təkərlərini qorumaq məqsədi ilə maksimal sürətin elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmasını qoruyub-saxlamışdır.
Bundan əlavə, atelye avtomobili xüsusi asqı sistemi ilə də təchiz etmişdir ki, 140 km/saat sürətindən sonra sistem avtomobilin klirensini 40 mm azalda bilər. Sürət bu həddən aşağı düşdükdə isə, asqı sistemi avtomatik olaraq normal vəziyyətinə qayıdır. Kupenin təchizatına karbon-saxsıdan hazırlanmış əyləc mexanizmləri də daxildir. Sonunda tüner avtomobilin interyerini sifarişçinin istəyinə uyğun tərtib etməyə də söz verir.