Keçən yay Rolls-Royce şirkəti Dubayda dünyanın ilk Private Office bölməsini açıb. Bu, sıradan bir sərgi salonu deyil, əslində brendin İngiltərənin Qudvud şəhərindəki istehsal mərkəzinin davamıdır. Bu, bahalı kostyum əvəzinə unikal avtomobilin “tikiləcəyi” bir atelyedir.
Ofisin müştəriləri üçün üç “dərzilik” proqramı nəzərdə tutulub: baza Bespoke proqramından tutmuş yeganə nüsxədə olan avtomobillərin (One-Off) inşasını nəzərdə tutan Coachbuild. Ghost Extended adı ilə təqdim edilən sedan, Dubay Private Office bölməsinin Yaxın Şərq mənzərələrinin gözəlliyindən ilhamlanaraq yaratdığı ilk avtomobildir.
Sedan günəş çıxanda səmanın rənglərini və səhranın ucsuz-bucaqsız qumlarını xatırladan parıldayan Sunrise Sparkle rənginə boyanıb. Eyni zamanda, kapot, dayaqlar və dam üçün White Sands boyası istifadə olunur.
Bütün bunlar Moccasin (bej) vurğu xətti və işıqlandırılmış Pantheon Grille barmaqlığı ilə birləşdirilir. İnteryer üçün də Moccasin rəngli dəridən istifadə olunur, lakin əsas rəng Grace White çalarıdır. Əlbəttə ki, Ghost Extended modeli ulduzlu Starlight Headliner tavanı ilə təchiz edilir.
Eyni zamanda, bu sedan arada bir avtomobil sürməyi planlaşdıranlar üçün ən uyğun modeldir. Üst köndələn qolun dempferi, elektron idarə olunan amortizatorlara qoşulmuş Flagbearer stereo kameralar dəsti və özünü düzəldən hava dayaqlarından ibarət olan Planar asqı sistemi də mövcuddur.
Kapotun altında 571 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən iki turbokompressorlu kanonik 6.75-litrlik V12 mühərriki yerləşir. Ghost Extended versiyasının dinamik göstəriciləri adi Ghost sedanı ilə eynidir: tam ötürməli sedan 100 km/saata 4,8 saniyəyə sürətlənir, onun maksimal sürəti isə saatda 250 kilometr ilə məhdudlaşır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.