Yeni Rolls-Royce Ghost modelinin təqdimatına bir gün qalmasına baxmayaraq, Britaniya istehsalçısı hələ də tizer kampaniyasını başa çatdırmaq niyyətində deyil. Bu gün dərc edilmiş növbəti "tizer" videoçarx şəklində olsa da, cizgi filmi kimi çəkilməyib.
Videotizer iki dəqiqədən çox davam etsə də, videoda sedan kuzovlu avtomobilin və “Vəcdin Ruhu” heykəlciyinin siluetindən, həmçinin LED gündüz hərəkət işıqğını konturundan başqa bir şey nəzərə çarpmır.
İstehsalçının əvvəlki ismarıclarında məlum olduğu kimi, Ghost modelinin eksteryer dizaynında baş vermiş dəyişikliklərin təkamül xarakteri daşımasına baxmayaraq, model tamamilə yeni olacaqdır: əvvəlki modeldən yeni sedana irsən qalan yalnız qapıdakı çətirlər və “Vəcdin Ruhu” heykəlciyi olacaqdır. Yeni Rolls-Royce Ghost modeli də, Phantom sedanının və Cullinan krossoverinin təməlini təşkil edən modernləşdirilmiş alüminium platformada inşa ediləcək, yenilənmiş 6,75-litrlik V12 mühərriki, ağıllı asqı sistemi, qabaqcıl səs-küy izolyasiyası və ön sərnişinin qarşısında quraşdırılan “ulduzlu” panel (opsiya) ilə təchiz ediləcəkdir.
Daha dəbdəbəli hala gəlməsinə baxmayaraq, Rolls-Royce Ghost modeli eyni zamanda bir növ minimalizmi tərənnüm edəcəkdir: şirkət diqqətçəkən detallardan imtina edərək, yeni korporativ dizayn üslubunu "post-bolluq" adlandırıb. Xatırladaq ki,yeni Ghost sedanının təqdimatı sabah Bakı vaxtı ilə 16: 00-da keçiriləcəkdir.