Royal Enfield və Avstraliyanın Deus Ex Machina şirkəti Shotgun 650 motosikletinin xüsusi versiyasını hazırlayıblar. Son of a Gun adlanan eksklüziv modelin dünya üzrə cəmi 100 nüsxəsi istehsal ediləcək. Motosiklet 2026-cı ildə EICMA sərgisində nümayiş etdirilib, satışa isə 2027-ci ildə çıxarılacaq.
Yeni versiyanın dizaynı Deus Ex Machina ustası Ceremi Taqundun hazırladığı fərdi motosikletdən ilhamlanıb. Tünd qırmızı, krem və qızılı rənglərin birləşməsi, yan panellərdə xüsusi qrafika, fərqli yazılar və kontrastlı emal edilmiş yüngül lehimli disklər modeli standart Shotgun 650-dən fərqləndirir.
Motosiklet üzərində Deus loqosunun basma-naxışı olan qəhvəyi dəri oturaca1 və uyğun rəngdə sükan tutacaqları ilə təchiz edilib. Hər alıcı motosikletin dizaynına uyğun hazırlanmış, özü də məhdud sayda buraxılan gödəkçə əldə edəcək.
Texniki hissədə dəyişiklik yoxdur. Shotgun 650 əvvəlki kimi 648 kubsantimetrlik, hava və yağla soyudulan ikisilindrli mühərriklə təchiz edilir. O, 7250 dövr/dəqiqədə 47 at gücü, 5650 dövr/dəqiqədə isə 52,3 Nm fırlanma anı hasil edir. Mühərrik altıpilləli mexaniki transmissiya ilə birləşdirilib və A2 kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə oluna bilər.
Motosikletin hazırkı Shotgun 650 modeli kimi, baza kütləsi 240 kiloqram, oturacağın hündürlüyü isə 795 millimetrdir. Almaniyada standart modelin qiyməti 7770 avrodan başlayır. Son of a Gun versiyasının qiyməti hələ açıqlanmayıb; 100 nüsxədən neçəsinin Almaniyaya gətiriləcəyi də məlum deyil.
@ 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.












