Alman Ruf Automobile şirkəti 1989-cu ilin Porsche 911 (964) modelinə bənzədilmiş yeni SCR kupesinin ilk nüsxəsini nümayiş etdirib.
Pfaffenhauzendə yerləşən və müxtəlif Porsche modellərinin əsasında yaradılan unikal kiçik seriyalı avtomobilləri ilə tanınan Ruf şirkəti, yeni SCR modelinin ilk seriya nüsxəsini göstərib. Yaşıl kupe, 964 seriyasından olan klassik Porsche 911 sportkarına (1989-1994-ci illərdə buraxılmış) bənzədilmişdir.
Lakin, xarici görünüş aldadıcıdır: superkarın monokoku və bütün kuzov panelləri karbon lifindən hazırlanıb. Yeni superkar klassik Porsche modelindən ön bamperin dizaynı, daha geniş arxa qanadları, müasir LED işıq texnikası, orijinal formalı kiçik arxa spoyleri və yeni təkər diskləri ilə fərqlənir.
İnteryer də retros üslubunda tərtib edilib: salon qəhvəyi rəngli əsl dəri və damalı parçadan olan işləmələr ilə işlənib. Salonda sensorlu displeylərdən, virtual cihazlar panelidən və rəngli ekranlardan əsər-əlamət yoxdur. Kupe, sürücünün elektron köməkçiləri ilə də təchiz edilməyib.
SCR üçün, hər iki oxda üfüqi amortizatorları olan ikiqollu idman asqısı hazırlanıbdır. Arxada isə, 4,0-litrlik altısilindrli oppozit mühərriki yerləşir - 8,270 dövr/dəqiqəyə qədər sürətlənən atmosfer mühərriki 510 at qüvvəsi və 470 Nm fırlanma anı hasil edir. Güc aqreqatı mexaniki transmissiya ilə tandemdə çalışır. Ruf SCR modelinin çəkisi 1250 kiloqram, maksimal sürəti isə 320 km/saat təşkil edir.
Almanlar superkarın dinamik xüsusiyyətlərini gizli saxlamağa üstünlük veriblər. Ruf şirkəti superkarın qiymətini və tirajını da açıqlamayıb. Şirkətin əvvəlki əsərlərini nəzərə alsaq, kupenin tirajının onlarla, qiymətinin isə yüz minlərlə ölçüləcəyini söyləmək olar.