Yeni nəsil Duster modeli artıq furqon variantında da təklif edilir. Yaxınlarda bu kampaniyaya pikap variantı da qoşula bilər. Furqon kuzovlu Duster Dacia markasının avropa çeşidinə daxil olsa da, pikap zavodun deyil, tamamilə kənar şirkətin məhsuludur.
Rumıniyanın Kımpulunq şəhərində fəaliyyət göstərən Romturingia şirkəti Duster modelini sizin üçün pikapa çevirməyə hazırdır. 1994-cü ildən fəaliyyət göstərən şirkət seriya avtomobillərinin əsasında müxtəlif xüsusi təyinatlı nəqliyyatı hazırlamaqla ixtisaslaşıbdır.
Bunların arasında təcili yardım, yanğınsöndürən və polis avtomobilləri, ordu üçün nəqliyyat, mini-özüboşaldan avtomobillər və digər nəqliyyat vasitələri vardır. 145 nəfərin çalışdığı şirkət əsasən Dacia və Renault markasından olan avtomobillər ilə işləyir.
Duster modelinin bazasında hazırlanan ilk pikap şirkət tərəfindən 2014-cü ildə göstərilibdir. Yeni nəslin bazasında hazırlanmış model də eyni prinsip əsasında inşa edilibdir. Avtomobilin təkər bazası və uzunluğu dəyişməz qalıb: bu səbəbədən də işıq texnikası, arxa qanadlar və bamper olduğu kimi qalır.
Arxa qapıların girişi səliqəli qaydada qaynaqlanıb, yük bölümü isə plastikdən panellər ilə örtülübdür. Arxa açılan qapaq isə standart qapının əsasında hazırlanıbdır. Yük bölümünün girişi standart modellə eynidir.
Texniki cəhətdən pikap Duster modelinin istənilən modifikasiyasında inşa edilə bilər - yəni, pikap benzin və dizel mühərriki, öndən və tam çəkiş ilə təchiz edilə bilər. Yaxın zamanlarda Duster pikapının ikicərgəli kabinaya malik olan variantı da işıq üzü görməlidir. Belə model 2015-ci ildən Renault Duster Oroch adı ilə Braziliyada təklif edilir.