Keçən həftəsonu Soçidə keçirilmiş Rusiya Qran Prisinin gedişatı barədə yazanlar kifayət qədər olub. Yarışın nəticələri də artıq məlumdur. Rəhmətlik nənəm “oldu ilə öldüyə çarə yoxdur” deyərdi, odur ki, yarışda baş vermiş ən vacib hadisələrə olan baxışımı bildirəcəyəm. Həftəsonu Rusiya Qran Prisinin paddokunda ən çox müzakirə edilən məsələ McLaren komandasının Mercedes mühərriklərinə keçməsi xəbəri idi. Lakin, sonra cərəyan etmiş hadisələr bu “qaynar” xəbərin üzərinə möhkəm bir su çiləmiş oldu.
Soçidəki rusiyalı jurnalistlər yenə də yarışın cansıxıcı keçəcəyindən əmin idilər – bir çoxları artıq qələbə kubokunu qaldıran pilotun başqa komandadan olmasını istəyirdilər. Soçi trekinin Mercedes’in “ev” avtodromuna çevrilməsi əksəriyyəti qane etmirdi. Bir çoxlarının əksinə, man yarışın maraqlı keçəcəyindən əmin idim - ən azından start və ilk yarıda maraqlı hadisələrin olacağı hissi vardı.
Startda Vettelin ilk sıradan start alan pilotları keçməsini ilk siqnal kimi qəbul etmək olardı. Lakin, bir çoxlarının təəccübünə Ferrari körpücü ilə pilotlar arasında olan dialoq səbəb olmuşdu – media mərkəzində olan jurnalistlər nədən komanda rəhbərliyinin israrla Fettelə Leklerə verməsini, Şarl isə hövsələ göstərib “sonra danışarıq” deməsini anlamırdılar. Fettelin həmin an trekdə olan ən sürətli pilot olması və komanda yoldaşını dörd saniyə qabaqlaması da, jurnalistlərdə çaşqınlıq yaratmışdı.
Güman etmək olardı ki, Ferrari yenidən dubl etmək imkanına malik idi və Scuderia’nın iki pilotu qələbə uğrunda mübarizə edəcəklər. Lakin, sonradan italyan komandasının rəhbəri Mattia Binotto məsələnin nə yerdə olduğuna açıqlıq gətirdi. Sən demə, italyan komandasının strateqləri Leklerin slip-strimindən istifadə edərək, Fettelin Həmiltonu keçməsini təmin etmək istəyiblər. Məlum məsələdir ki, Fettel də Həmiltonu keçməklə qane olmayaraq Lekleri də arxada qoyub. Əslində burada təəccüblü heç nə yoxdur – F1 pilotlarının eqoist olması bir qırağa qalsın, əgər pilot bu fürsətdən istifadə etmirsə, o zaman onun yarışlarda nə işi var?
Çox güman ki, Ferrari rəhbərliyi belə bir ssenarini də nəzərə almışdı və pit-stoplar zamanı pilotların mövqeyini dəyişmək niyyətində idi. Ən azından Şarl Lekler Fettelə nisbətən daha çox xal toplayıb və pilotlar birinciliyində ikinci yer uğrunda Valtteri Bottas ilə mübarizə apara bilər. İlk cəhətdən plan qüsursuz görünürdü – bu strategiya Ferrari’yə ilk iki yerdə finiş görməyi təmin edə bilərdi. Lakin, bu planın işləməsinə iki şey mane oldu: birinci Leklerin Fetteldən yavaş olması, ikincisi, alman pilotun bolidindəki MGU-K qurğusunun ömrünü sizlərə bağışlaması. Bir sözlə, Qazan xan demişkən, “Ferrari’nin öz qılını öz başına endi”.
Virtual təhlükəsizlik avtomobili (VTA) rejiminin elan edilməsi italyanların strategiyasını iflasa uğradaraq, Mercedes komandasına yenidən Rusiyada “ev sahibi” olduğunu təsdiq etməsinə imkan yaratdı.
Ən maraqlısı odur ki, bir çoxları Sebastyan Fettelin avtomobili qəsdən dayandırdığını və ya Mattia Binottonu “ipə-sapa yatmayan” Fetteli gec pit-stopla cəzalandırdığını düşünürlər. Əslində, Fettel komanda əmrini pozmamışdı və pit-stoplarda yerdəyişmə olacağını bilirdi. Digər tərəfdən trekdə yerdəyişmə etmək üçün Leklerin Həmiltondan “qopması” və komanda yoldaşına çatması gərək idi. Monakolu isə, bunları etmək əvəzinə radio vasitəsi ilə dəqiqləşdirmələr etməyə vaxt sərf edirdi.
Lyuis Həmilton isə, ənənəvi olaraq yaranmış fürsətdən tam istifadə etmək bacarığını ortaya qoyaraq məsələni Mercedes üçün uğurlu sona çatdırdı. Sanço Pansa rolunu gözəl ifaçısı olan Valtteri Bottas isə komanda yoldaşının rahatlığını təmin etmək üçün əlindən gələni etdi. Halal olsun!