Mercedes-AMG komandasının alman pilotu Niko Rosberq bu mövsümdə ardıcıl olaraq ikici dəfə poulun sahibi olmağı bacarmışdır. Bu həftə sonu Soçidə keçirilən Rusiya Qran Prisində alman pilot, nə komanda yoldaşı Lyüis Həmiltona, nə də Mercedes pilotlarının başlıca rəqibləri olan Ferrari pilotları Sebastyan Fettel və Kimi Rəykkonenə puol uğrunda mübarizədə şans vermədi.
Alman pilotun komanda yoldaşı Lyüis Həmiltonun sıralama turlarının ikinci hissəsinin sonunda problem yaşaması onun işini bir qədər də asanlaşdırdi. Ona poulu qazanmağa mane olacaq rəqibinin oyundan kənar qalması Rosberqə karyerasında 24-cü poula gedən yolu açmış oldu.
Niko Rosberq: «Sözün açığı, mən göstərdiyim vaxtın poul üçün yetərli olacağından əmindim. Lyüisin problem yaşadığı haqqında xəbərim vardı, təsnifat mərhələsinin ikinci hissəsində isə Ferrari pilotları bizdən çox geridə qalırdılar. Buna görə də, Sebastyan dövrəsini başa vurduqdan sonra poulun mənə qismət olacağı artıq aydın idi».
Rosberqin də bildirdiyi kimi, ona növbəti poulu qazanmağa mane ola biləcək yeganə pilot həmyerlisi Sebastyan Fettel idi. Lakin, Ferrari pilotu üçüncü hissənin başlanğıcında protokola başçılıq etsə də, Rosberqin göstərdiyi 1:35,417 zamanını keçmək üçün çıxdığı ikinci cəhddə ilk iki sektorda yaxşı vaxt göstərsə də, üçüncü sektorda buraxdığı səhv üzündən poulla vidalaşmalı oldu. İkinci yeri tutumuş alman pilot sürətlər qutusunun dəyişdirildiyinə görə aldığı cəza ucbatından bu gün yarışı yeddinci olaraq başlamaq məcburiyyətindədir.
Kimi Rəykkonen və Sebastyan Fettel (Scuderia Ferrari)
Sebastyan Fettel: «Əlbəttə, mənə daha az geridə qaldığımızı görmək çox xoş olardı, lakin, ikinci hissədən sonra Rosberqin bizdən üstün və sürətli olduğunun şahidi olduq. O, həqiqətən əla işləyərək və Lyüisin problemindən maksimal istifadə edərək yaxşı nəticə əldə etmiş oldu. Mən sabah cəza üzündən beş yer itirmiş olacağam, amma trekin təmiz hissəsindən start götürəcəyəm. Ümid edirəm ki, sabahkı yarışda daha uğurlu olacağam».
Sıralama turlarında üçüncü yeri tutmuş olan Williams komandasının Finlandiyalı pilotu Valteri Bottas Fettelin cəzası nəticəsində bu günkü yarışda ikinci yerdən start almalıdır. Ümumilikdə, ingilis komandasının pilotları Soçidə keçirilən sıralama turlarında uğurla çıxış etmişdirlər.
Bottas üçüncü, Massa isə beşinci olmağı bacarmışdılar. Bu dəfə ingilis komandasının pilotları ilk iki yarışda daha yaxşı nəticələr göstərmiş Red Bull Racing komandasının pilotlarını üstələmiş oldular.
Valteri Bottas: «Mən təsnifat mərfələsindəki çıxışımızdan çox razıyam. Mənim son cəhdim çox gözəl alındı və maksimal mümkün nəticəni əldə etməyə müvəffəq oldum. Lakin, indi diqqətimizi toplayaraq sabahkı yarışda sürətimizi təsdiqləməliyik. Mən bu trassanı çox xoşlayıram, həm də bu trek bizim avtomobillərimizə daha uyğundur və adətən biz burada yaxşı çıxış edirik. Arxada bir neçı sürətli rəqibimiz start alacaqdır ki, bu da bizim yarışımızı bir qədər çətinləşdirəcəkdir. Məqsədimiz podiumda finiş görməkdir».
Valteri Bottas (Williams)












