Covid-19 pandemiyası bütün biznesə olduğu kimi ölkənin avtomobil sektoruna da güclü zərbə endirdi. Salonların karantin dövrünə bağlanması onsuz da çiçəklənmə mərhələsini yaşamayan diler mərkəzlərində yanvar-mart aylarına nisbətən satışların təxminən iki dəfə azalması ilə nəticələndi. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasından (AADA) verilən məlumata görə, bu təşkilatda qeydə alınmış dilerlər yanvar ayında 444 ədəd yeni nəqliyyat vasitəsi satmışdılarsa, aprel ayında bu göstərici 273 ədəd təşkil edib.
Maraqlı fakt diqqəti cəlib edir: qonşu Rusiya və Türkiyədə pandemiya dövründə elektrikləşdirilmiş avtomobillərin satışında artım müşahidə olunmusdur. Yerli avtomobil bazarı üçün isə bunu söyləmək mümkün deyil. Cari ilin dörd ayı ərzində ölkədə cəmi 18 ədəd yeni hibrid avtomobili satılıb ki, onlardan yalnız 4 nüsxəsi aprel ayının payına düşür. Elektrokar satışı isə ümumiyyətlə qeydə alınmayıb. Bu heç də sevindirici hal deyil – ölkənin avtomobil parkında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin sayının artması vacib strateji məqamlardan biri olmalıdır.
İstənilən halda, avtomobil satışlarının statistikası sektorun dərin böhran içində olduğundan xəbər verir. Üstəlik bu böhran təkcə koronavirus pandemiyasının nəticəsi deyil – yerli avtomobil sektoru artıq illərdir ki, uçuruma yuvarlanırdı. Qlobal hadisələrin nəticəsində manatının dəyərdən düşməsi, gömrük rüsumları və aksiz həcmlərinin həddən ziyadə artırılması avtomobil sektorunun mövcud duruma çatdırmış faktorlardır.