Avropa Patent Ofisinin açıq məlumat bazasında S-Class sedanına əsaslanan iki kupenin monoxrom şəkilləri peyda olub. Mercedes-AMG S 63 E Performance və Mercedes-Maybach S 680 üslubunda dizayna malik olan kupelər ya zavod Mythos seriyasının bir hissəsi, ya da kənar tüninq atelyesinin kiçik miqyaslı xüsusi versiyası ola bilər. Patent ərizələri Robu Aktiengesellschaft şirkəti tərəfindən verilib.
Robu Aktiengesellschaft şirkəti 2021-ci ilin Mercedes-AMG GT R modelinə əsaslanan kiçik seriyalı spidster layihəsi ilə tanınır. Bu layihədə şirkətin istehsal tərəfdaşı AMG bölməsinin həmtəsisçisi Hans-Verner Aufrexhtin HWA AG bürosu olub. Lakin o zaman Mercedes-Benz şirkətinin özünün Mythos xətti yox idi, odur ki, S-Class modelinə əsaslanan kupe layihələrinin fərqli yolları var.
Maybach nişanları olan kupenin maraqlı xüsusiyyəti iki hissəyə bölünmüş arxa şüşədir. Belə kupenin kamuflyajlı prototipi bir il əvvəl fotocasuslar tərəfindən yaxalanıb, bu isə, Mercedes-Benz CL modelinin dəbdəbəli varisi üzərində işin getdiyinə işarə edir. Bununla belə, belə bir avtomobil kütləvi istehsal olunmayacaq, çünki bütün qaydalara uyğun olan işləyib hazırlama və sertifikatlaşdırma iqtisadi cəhətdən çətin ki, məqsədəuyğun olsun.
Son illərdə Mercedes-Benz ikiqapılı avtomobillərin bütöv bir çeşidindən imtina edib: SLC, S-Class Coupe/Convertible və üstü açıq AMG GT modeli istehsaldan çıxarılıb. Eyni zamanda, Mercedes-AMG SL modelinin satışları arzuolunan səviyyədə deyil: 2024-cü ildə ən mühüm Amerika bazarında tələb yarıbayarı azalıb. S-Class sedanına əsaslanan yeni kupenin buraxılması üçün heç bir zəmin yoxdur, əgər bu, çox nadir və bahalı seriya deyilsə…
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.