SAIC konserni Maxus markası altında yüngül kommersiya avtomobillərini buraxır. Bu günlərdə subbrendin model çeşidində Mercedes-Benz V-Class modelinə “çin cavabı” - G90 indeksli flaqman miniveni peyda olub.
Əslində Maxus G90 miniveni bir müddət bundan öncə təqdim edilmiş elektrik MIFA 9 miniveninin benzin versiyasıdır. Bununla belə, benzin miniveni elektrik versiyasından dizaynı və güc qurğusu ilə fərqlənir.
Maxus MIFA 9
Yanacaqlı G90 minivenini nəhəng düzbucaqlı radiator barmaqlığı və başqa işıq texnikası sayəsində tanımaq olar. Qalan cəhətdən hər iki avtomobil eynidir: hər iki model müstəqil yaylı asqıya, eyni salona və opsiyalar dəstinə malikdir.
Maxus G90 miniveni “mülayim” hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğu 234 at qüvvəli 2,0-litrlik dördsilindrli benzin turbomühərriki və 48-voltluq startyor-generatordan ibarətdir. Transmissiya 8-pilləli Aisin “avtomatı”, ötürmə isə ön oxadır.
Maxus G90 modelinin satışlarına aprel ayında başlamalıdır. İlkin məlumata görə, minivenin qiyməti 230- 350 min yuan (61- 93 min manat) arasında olacaqdır. Müqayisə üçün, MIFA 9 elektrik minivenini 273 - 380 min yuana (72 - 101 min manat) almaq olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.