Ferrari F40 superkarı bir çoxlarımızın uşaqlıq arzusu olub. O zamanlar F40 modelinin əksi olan posterləri yataq və ya çalışma otaqlarında asmaq “bərkgedənlik” əlamətlərindən biri idi. 1987-ci ildə işıq üzü görmüş kupe italyan markasının ən qabaqcıl və güclü modeli idi.
Bu avtomobilin yaradılmasında italyan markasının banisi “Kommendatore” ləqəbli Enzo Ferrari də iştirak etmişdi. İlkin olaraq, 400 ədəd buraxılması planlaşdırılan superkarın sonuncu 1300-cü nüsxəsi 1992-ci ildə Ferrari zavodunu tərk edib.
Dünən məşhur həmyerlimiz, Genesis şirkətində dizayner çalışan Samir Sadıxov Ferrari F40 mövzusunda hazırladığı dizayn layihəsini Facebook sosial şəbəkəsindəki səhifəsində təqdim edib. Əlbəttə ki, Samirin qələminə məxsus olan layihələr hər zaman cəlbedici və möhtəşəm olub. Yeni layihə də bu ənənələrdən istisna deyil – Samirin interpretasiyasında olan müasir Ferrari F40 Tribute modelindən gözlərinizi ayırmaq istəməyəcəksizniz.