Rezvani Motors şirkəti özünün ikinci modeli olacaq Tank adlı ofroderin ikinci tizerini dərc edib. Model infraqırmızı gecə görüntü sistemi ilə təchiz ediləcəkdir. Əlbəttə ki, əlavə ödənişlə. Xatırladaq ki, Rezvani Tank modelinin dizayneri həmyerlimiş samir Sadıxovdur.
Amerikan şirkətindən bildirildiyinə görə, yeni ofroder «hərbi avtomobillərdən ilham alınaraq hazırlanmış bir nəqliyyat vasitəsidir». Tizerlər avtomobilin eksteryerini tam göstərməsə də, ofroderin möhkəm ön bamperə, relyefli dama və maili arxa dam xəttinə malik olduğunu görürük. Digər tərəfdən güclü qanadları və yolsuzluq şinləri ilə təchiz edilmiş iri təkər disklərini də görmək mümkündür.
Rezvani şirkəti avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verməsə də, ofroderin «dünyada ən güclü yolsuzluq imkanlarına malik olacağını» bildirmişdir.
Bunlara misal olaraq ramanı, tam çəkiş sistemini və ekstremal şəraitlər üçün nəzərdə tutlmuş asqını göstərmək olar. Əlbəttə ki, iri klirensin mövcudluğu da məlumdur.
Verilən məlumata görə, avtomobil müxtəlif variantlarda təklif ediləcəkdir ki, bunların sırasında kevlardan hazırlanmış kuzov panelləri, yanacaq çəni və gülləkeçirməyən şüşələri olan model də mövcud olacaqdır Rezvani nümayəndələrinin bildirdiyinə əsasən, belə avtomobil, sərnişinlərini avtomatla silahlanmış cinayətkarların hücumundan tam müdafiə etmək iqtidarındadır.
Avtomobilin mühərrik çeşidinə iki güc areqatı daxil ediləcəkdir. Onların xarakteristikaları açıqlanmasa da, mühərriklərin aşağı dövrələrdə yüksək fırlanma anına malik olduqları bildirilmişdir. Artıq amerikan şirkəti yeni ofroder üçün sifarişləri qəbul etməyə başlamışdır. Onu əldə etmək istəyənlər 1000 ABŞ dolları beh ödəməlidirlər.