Bildiyimiz kimi, Rezvani Beast rodsterinin dizayneri olan həmyerlimiz Samir Sadıxov yeni avtomobilin dizynı üzərində çalışır. Rezvani şirkətinin dərc etdiyi tizerdən artıq yeni avtomobilin hazır olduğu bəlli olur.

Yeni model Beast Alpha (“Alfa-Yırtıcı”) adlanacaqdır. Amerikalıların bildirdiyi kimi, bu avtomobil Beast superkarının daha rahat variantı olacaqdır. Əvvəllər yeni modelin çıxarıla bilən sərt dam örtüyünə malik olan superkar olacağı bildirilmişdir. Bundan başqa, Beast  Alpha klimatik sistem, başqa qapılara və dəri və alkantara ilə üzlənmiş interyerə malik olacaqdır. Böyük ehtimal ilə Beast Alpha 500 at qüvvəsi olan 2,4-litrlik Honda mühərriki ilə hərəkətə gələcəkdir.

Bildiyimiz kimi, Rezvani Beast modelinin 700 at qüvvəli mühərrikə malik olan Beast X modifikasiyası və 300 at qüvvəli “büdcə” variantı da mövcuddur. Rezvani Beast Alpha sportkarının rəsmi təqdimat mərasimi 16 noyabrda işinə başlayacaq Los-Anjeles avtosalonunda baş tutacaqdır.

Avtomobilin dəyəri bildirilməsə də, sifariş üçün avans olaraq beş min dollar ödəmək gərəkdir.