Avtomobil dünyasındakı qeyri-adi layihələrə bir yenisi əlavə olunub. Santiago Sánchez Rivero tərəfindən hazırlanan Sanrivatti One trek üçün nəzərdə tutulmuş hiperkar olmaqla yanaşı, sürücünün oturuş mövqeyi ilə də diqqət çəkir. Burada sürücü adi avtomobillərdəki kimi oturmur, demək olar ki, üzüaşağı uzanaraq idarəetməni həyata keçirir.
“Apex Position” adlandırılan bu quruluşda sürücünün qolları sükan istiqamətində irəli uzadılır, ayaqları isə arxaya doğru yerləşdirilmiş pedallara çatır. Layihənin müəllifi hesab edir ki, bu mövqe sürücüyə daha geniş görmə sahəsi qazandırır. Onun iddiasına görə, şaquli görmə bucağı 28 dərəcəyə çatır. Müqayisə üçün götürülən hiperkar nümunəsində bu göstərici 15,5 dərəcədir.
Qeyri-adi oturuş mövqeyinə baxmayaraq, Sanrivatti One ənənəvi sükan və pedallarla təchiz edilib. Layihənin müəllifi bu yanaşma ilə müasir hiperkar sənayesində texniki göstəricilərin arxasınca qaçarkən sürücülük hissinin unudulduğunu düşündüyünü bildirir.
Avtomobilin arxa hissəsində atmosfer tipli 5,5-litrlik Judd V10 mühərriki yerləşir. Hədəf göstəricilərinə görə, aqreqat 9000 dövr/dəqiqədə 800 at gücü hasil etməlidir. Güc altı pilləli Hewland ardıcıl mexaniki transmissiyası vasitəsilə ötürüləcək. İstehsalçının məqsədi maksimal sürəti 200 mil/saat, yəni təxminən 322 km/saat səviyyəsinə çatdırmaqdır.
Sanrivatti One karbon monokok şassiyə əsaslanır. Kuzovun dizaynında döyüş təyyarələrinin və ov zamanı şığıyan şahin quşunun formasından ilham alınıb. Hədəflənən boş kütlə isə təxminən 1100 kiloqramdır.
Belə qeyri-adi avtomobili idarə etmək üçün xüsusi hazırlıq da tələb olunacaq. Layihənin müəllifi müştərilər üçün ayrıca sürücülük proqramı və klub yaratmağı planlaşdırır. Bu proqram çərçivəsində avtomobil sahiblərinə “Apex Position” mövqeyində avtomobili idarə etmək öyrədiləcək.
Hələlik Sanrivatti One mühəndislik, sınaq və təkmilləşdirmə mərhələsindədir. Buna görə də açıqlanan güc, kütlə və sürət göstəriciləri yekun deyil, hədəf rəqəmləridir. İlk müştəri avtomobilinin təhvil verilməsi isə 2030-cu ildən tez gözlənilmir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









