Bu gün Soçidə keçirilən təsnifat mərhələsində sabahkı Rusiya Qran Prisinin start düzülüşü müəyyən olub. Yarışa pouldan başlamaq hüququnu Ferrari komandasının monakolu pilotu Şarl Lekler əldə edib. Bu gün keçirilmiş üçüncü sərbəst yürüşün nəticəsi də Şarlın poula ən iddialı pilot olduğunu gəstərirdi.
Gənc pilot Soçi avtodromundaki dövrəni 1.31,628 zamanla qət edərək, 1 dəqiqə 32 saniyənin altına düşən yeganə pilot olub. Bu, Leklerin yeni mövsümdə əldə etdiyi dördüncü ardıcıl və ümumilikdə altıncı pouludur.
Altıncı çempionluğuna doğru inamla addımlayan Lyuis Həmilton sabahkı yarışa Leklerlə birlikdə ilk cərgədən başlayacaqdır - britaniyalı pilot əzəli rəqibi Fetteli üstələməyə müvəffəq olub.
Sıralamanın fınal sessiyasındakı ikinci cəhdində ardıcıl səhvlərə yol verən Fettel isə üçüncü nəticəni göstərib. Dördüncü nəticəni göstərmiş Maks Ferstappen sabahkı yarışa doqquzuncu yerdən başlayacaqdır. Xatırladaq ki, Maksın 5 yer itirməsinin səbəbi mühərrik dəyişikliyi olub.
Ənənəvi olaraq Soçidə güclü olan Valtteri Bottas bu dəfə zəif çıxış edib və beşinci nəticəni göstərib. Fin pilotdan sonra Karlos Sayns altıncı nəticəni göstərib. Niko Hülkenberq, Lando Norris, Romen Qrojan və Daniel Rikkardo ilk onluğu tamamlayan pilotlar olublar.
Soçidəki sıralama sessiyası hadisəsiz də ötüşməyib. Sıralamanın ilk seqmentində səhvə yol verən Aleks Əlbon avtomobilini baryerə çırpıb və qırmızı bayraqların dalğalanmasına səbəb olub.