Formula 1 ilə maraqlananlar bilir ki, Sinqapurdakı trek ötmələrə imkan vermir. Bu səbəbdən də, sıralama sessiyasında göstərilən nəticə çox böyük əhəmiyyət jkəsb edir. Qeyd etmək lazımdır ki, Marina Beydə keçirilmiş son altı yarışın beşində poulun sahibi qalib gəlib. Əksər hallarda, ilk üçlük elə sıralandığı kimi də, finiş xəttini keçib.
Pirelli Sinqapura üç ən yumşaq təkəri gətirib - C3,C4 və C5 şinləri Hard, Medium və Soft rolunda çıxış edirlər. Ən başlıcası isə, şinlər arasındakı zaman fərqi kifayət qədər genişdir. İlk sessiyada Medium təkərlərinə üstünlük verən Mercedes pilotlarından başqa, qalan pilotlar Soft təkərlərindən istifadə ediblər. İkinci cəhddə alman komandasının pilotları da Soft təkərlərinə keçiblər.
İlk seqment bitdikdən sonra Kvyat, Stroll, Qrojan, Rassel və Kubitsa dincəlməyə yollanıblar. İkinci seqmentdə isə, Peres, Covinazzi, Qasli, Rəyjkkonen və Maqnussen onlara qoşulublar. Final seqmentində ilk cəhddə Fettel sürətli zamana imza atsa da, ikinci cəhdində səhvlərə yoil verərək zamanını yaxşılaşdırmağa müvəffəq olmayıb və cəhdini yarımçıq qoyaraq boksa qayıdıb. Onun əksinə olaraq, Şarl Lekler möhtəşəm zamana imza ataraq poul kimə qismət olacağı məsələsinə aydınlıq gətgirib.
Bu Leklerin yeni mövsümdəki beşinci pouludur. Onunla birlikdə ilk sıradan Lyuis Həmilton start alacaqdır. Fettel-Ferstappen yarışa - ikinci, Bottas-Əlbon cütlüyü isə, üçüncü cərgədən başlayacaqdırlar.