Keçən il dizayner Saşa Selipanov Berlin və Los-Ancelesdə ofisləri olan Hardline27 dizayn studiyasını yaradıb. Studiyanın ilk layihəsi Tesla elektromobilləri üçün Unplugged Performance ilə əməkdaşlıqda yaradılmış təkər diskləri seriyası olub. Bununla belə, Lamborghini, Bugatti və Koenigsegg şirkətlərində gördüyü işlərlə məşhurlaşan Selipanov hiperkar yaratmağı da unutmayıb.
İndi Hardline27 studiyası Nilu27 adlı ilk avtomobilini təqdim edib. Bu ad, Selipanovun qızlarının (Nika və Lüsi) adlarının ilk hecalarından yaranıb, 27 rəqəmi isə, müxtəlif illərdə Formula 1 pilotları Jill Villnyov, Nacel Mensell, Ayrton Senna və Alen Prostun çıxış etdikləri start nömrəsinə işarədir.
Yeni əsərinin görünüşü haqqında danışan Selipanov, 1960-cı illərin Formula 1 və Le Mans yarış avtomobillərindən, klassik italyan dizaynından və köhnə amerikan əzələ avtomobillərindən ilham aldığını bildirib. Nilu27 hiperkarının ön tərəfi fənərlərin nazik LED zolaqları ilə haşiyələnmiş iri hava girişləri ilə seçilir.
Öndə 20, arxada isə 21 düymlük ölçülərə malik olan təkər diskləri Michelin Pilot Sport Cup 2 R şinləri ilə təchiz ediliblər. Hiperkar Brembo firmasının karbon-keramika əyləclərinə malikdir. Arxa tərəfdə buraxılış sisteminin mərkəzdə quraşdırılmış üçlüləli çıxış borusu və quraşdırılmış əyləc işığı olan iri diffuzor var.
Nilu27 modelinin interyerində hər şey qəsdən analoq elementlərdən ibarətdir. Üçqollu sükanda düymələr və sensorlar yoxdur, onun arxasında böyük analoq siferblatları olan iri cihazlar paneli var. Transmissiyanın lingi açıqdır və açar yeri onun əsasında yerləşir.
Tavanda böyük metal açarları olan idarəetmə bloku quraşdırılıb. Sürücü və sərnişin beş nöqtəli təhlükəsizlik kəmərləri inteqrasiya olunmuş “çalovlarda” otururlar. Yeganə displey isə, yalnız arxa kameradan alınan görüntüləri əks etdirir.
Nilu27 hiperkarı pushrod tipli asqıların bağlandığı alüminiumdan alt çərçivələri olan karbon monokoka malikdir. Oturacaqların arxasında Yeni Zelandiyanın Hartley Engines firması tərəfindən yaradılmış 6,5-litrlik V12 atmosfer mühərriki yerləşir. Porşenlərin qısa gedişi sayəsində o, 13.000 dövr/dəqiqəyə qədər sürətlənir və 1.085 at qüvvəsi və 860 Nm hasil edir!
Transmissiya - Cima firmasının yeddi pilləli “mexaniki” ötürmələr qutusudur və buna görə də 100 km/saat həddinə sürətlənmə vaxtı “sürücüdən asılıdır” - idealda bu işə üç saniyə sərf edilə bilər. Hiperkarın boş çəkisi 1200 kiloqram, təxmini maksimal sürəti isə, 400 km/saatdır.
Nilu27 hiperkarlarının istehsalı Kaliforniyada fəaliyyət göstərən Aria Group şirkətinin zavodunda yaradılacaq, bəyan edilmiş buraxılış tirajı cəmi 69 nüsxədən ibarətdir. İlk 15 avtomobil yalnız yarış trekləri üçün nəzərdə tutulub, qalan 54 avtomobil isə, ümumi yollara çıxışa malik olacaq.
Nilu27 kupesi avqustun 18-də Pebbl Biçdə keçiriləcək Zəriflik müsabiqəsində kütləvi debüt edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.