Beləliklə, Audi fanatlarının gözlədiyi xəbər nəhayət ki, təsdiqini tapdı – alman istehsalçısı 2026-cı ildə Formula 1 çempionatına gəlir! Hərçənd ki, bu, F1 ailəmini izləyənlər üçün heç də sürpriz olmayıb. Audi Formula 1 zavod komandası İsveçrədəki Sauber komandasının bazasında yaradılacaqdır. Alman istehsalçısı hətta güc qurğularının tədarükçüsü kimi də çıxış etmək niyyətidədir.

Güc qurğuları üzərində mənzil-gəraragahı Noyburq-Dunaydakı avtoidman mərkəzində yerləşən və Audi Sport bölməsinə məxsus olan Audi Formula Racing GmbH şirkəti işləyəcəkdir. Almanlar bunun üçün lazım olan bütün texniki infrastrukturu 2023-cü ilə qədər hazırlayacaqlarına söz veriblər. Bununla belə, hibrid qurğuların sınaqlarına debüt mövsümü ərəfəsində, yəni 2025-ci ildə başlanacaqdır.

Güc qurğuları çempionatın 2026-cı ildə qüvvəyə minəcək yeni reqlamentinə uyğun hazırlanacaqlar. Reqlamentin əsas yeniliklərindən biri elektrik hissəsinin gücünün artırılması olmalıdır: elektrik üstqurmunun hasilatı demək olar ki, daxili yanma mühərrikinə bərabər olacaq və təxminən 544 at qüvvəsi təşkil edəcəkdir. Eyni zamanda, 1,6-litrlik V6 turbomühərriki əsas aqreqat olaraq qalacaq, lakin sintetik yanacaqla işləyəcəkdir - bu, Audi şirkətinin "kral yarışlarına"  qatılmaq üçün irəli sürdüyü şərtlərdən biri idi.

Lakin yeni texnologiyaların sınaqdan keçirilməsi imkanı alman markasının Formula1 çempionatına qoşulmasının yeganə səbəbi deyil. Çempionatda iştirak əsas bazarlardakı hədəf auditoriyasına çatmaq üçün də vacibdir. Statistikaya görə, 2021-ci ildə Formula 1 yayımlarına 1,5 milyarddan çox insan baxıb. Yarış Çində və ABŞ-da (Audi üçün vacib olan ölkələrdə) populyardır və hər il daha çox diqqəti cəlb edir.

Sauber komandasına gəlincə, şirkət bolidlərin inşası ilə məşğul olacaq, üstəlik yarışların planlaşdırılması və keçirilməsinə cavabdehlik daşıyacaqdır. Audi isveçrəlilərin səriştəsindən çox razıdır və əvvəlki əməkdaşlıq nümunələrini misal gətirməkdən çəkinmir. Məsələn, Le Man marafonundakı uğurlu çıxışları dövründə və DTM çempionatı üçün avtomobillərin hazırlanması zamanı Audi Sport müntəzəm olaraq Sauber Group qrupunun Hinvildəki aerodinamik tunelindən istifadə edib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.